ETSN-də kollegiya iclası keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) Kollegiya iclası keçirilib. Nazirlikdən SİA-ya verilən məlumata görə, iclasda Ətraf Mühitin Mühafizəsi, Meşələrin İnkişafı, Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı və Milli Hidrometeorologiya Departamentləri üzrə 2014-cü ilin ötən müddəti ərzində fəaliyyətlərinin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib.

İclası giriş sözü ilə açan nazir Hüseyn Bağırov Ekologiya və Təbii Sərvətlər Nazirliyi qarşısında qoyulmuş vəzifələrin icrası ilə bağlı görülmüş işlər və həyata keçiriləcək tədbirlər barədə danışıb.

Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini il ərzində yol verilmiş nöqsanlar və qarşıda duran vəzifələr barədə çıxış edib.

Kollegiya iclasında Milli Hidrometeorologiya Departamentində və onun tabeli qurumlarında həyata keçirilmiş əsaslı yenidənqurma işləri, texniki-təchizat bazasının əksər hissəsinin müasir tələblərə uyğun olaraq yenilənməsi barədə və cari ildə yerinə yetiriləcək vəzifələrlə bağlı məruzə dinlənilib.

İşlərində yol verdikləri nöqsanlara görə Meşələrin İnkişafı Departamentinin iki rayon üzrə Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsinin direktorlarına sonuncu xəbərdarlıqla şiddətli töhmət, digər iki rayon MMBM-nin direktoruna töhmət verilib. Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin 3 tabeli qurumunun rəhbərinə töhmət verilib, birinə isə xəbərdarlıq edilib. Milli Hidrometeorologiya Departamentindən isə regional idarənin 4 məsul şəxsinə töhmət verilib.

Nöqsanlara yol vermiş müəssisə rəhbərlərinin izahatları dinlənilib, qısa müddət ərzində onların aradan qaldırılması üçün Departament və onların tabeli qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə