Azərbaycanda vergi sistemi çox ciddi şəkildə inkişaf edib. Dünya Bankı, beynəlxalq reytinq agentlikləri ölkəmizin vergi siyasətində aparılan islahatları yüksək qiymətləndirirlər. Bu, Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) Vergilər Nazirliyi ilə birgə dekabrın 1-də keçirdiyi dördüncü illik Vergi konfransında qeyd olunub. "Vergi sistemində şəffaflıq və əməletmə" mövzusuna kəsr edilmiş konfransda "AmCham"ın prezidenti İlqar Vəliyev vergi orqanları ilə işgüzar dairələr arasında əməkdaşlığın genişləndirilməsinin və tərəfdaşlıq münasibətlərinin dərinləşməsinin vacibliyindən danışıb. Bildirib ki, məqsəd vergi siyasəti və harmonizasiya, korporativ əməletmə və vergi sisteminin modernləşdirilməsinə dair dialoqun yaradılmasıdır. Vergi sistemində aparılan islahatlar və ölkənin vergi mühitinin cəlbediciliyinin artırılması biznes dairələri tərəfindən diqqətlə izlənilir. Odur ki, maraq doğuran bir çox məsələlər barədə işgüzar dairələr və vergi orqanları arasında müzakirələr aparılacaq.
Konfransda çıxış edən Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə Azərbaycanda elektron hökumətin qurulmasının vergi sisteminin şəffaflaşmasına xidmət etdiyini deyib.
"Synergy Group" ASC-nin Müşahidə Şurası sədrinin müavini Fəxriyar Cabbarov "Sahibkarlıq sahəsində vergi yoxlamaları" mövzusunda təqdimatla çıxış edərək bildirib ki, vergi sistemi ölkəmizin sosial-iqtisadi inkişafı baxımından mərkəzi mövqelərdən birini tutur. Buna görə də vergi sisteminin sahibkarlığın inkişafı tələblərinə uyğunlaşdırılması daim dövlətin diqqət mərkəzindədir.
Vergi sistemində aparılan islahatlar barədə məlumat verən vergilər nazirinin müşaviri Akif Musayev vurğulayıb ki, əvvəlki konfranslarda qaldırılan bir çox məsələlər ətrafında aparılmış müzakirələr ölkədə biznes mühitinin təkmilləşməsinə yardım edir.
Sonra konfrans öz işini sessiyalarda davam etdirib. Vergi orqanlarını və özəl sektoru təmsil edən mütəxəssislər "Vergi siyasəti və harmonizasiya", "Korporativ uyğunluq: beynəlxalq təcrübə və Azərbaycan", "Vergi sistemində modernizasiya məsələləri" və digər mövzular ətrafında fikir mübadiləsi aparıblar./azertag.az/
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB