Azər Mehdiyev: “Azərbaycanla Naxçıvan arasında gediş – gəliş asanlaşacaq” Açıqlama
"Son zamanlar Türkiyədə bu layihənin həyata keçirilməsi ilə bağlı yeni problemlər ortaya çıxıb. Orada maliyyə vəsaitlərinin əvvəldə nəzərdə tutulduğundan daha çoxu gündəmə gəlib. Təbii ki, bu, regional layihə olaraq yüklərin daşınması istiqamətində əhəmiyyəti olan layihədir". Bu sözləri SİA-ya açıqlamasında Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinə əlavə olunan Naxçıvan qolu ilə bağlı iqtisadçı ekspert Azər Mehtiyev deyib.
Onun sözlərinə görə, layihənin davamı olaraq Naxçıvana çəkiləcək dəmiryolu xətti Azərbaycanla Naxçıvan arasında gediş – gəlişi daha da asanlaşdıracaq: "Xüsusilə indiki halda Naxçıvana birbaşa avtomobil və dəmiryolu əlaqəsinin olmadığı bir dövrdə həmin layihənin yenidən Naxçıvana qədər uzadılması, dəmiryolu əlaqələrinin bərpa olunması baxımından əhəmiyyətlidir. Yükdaşıma baxımından indiki mərhələdə xüsusən regional daşınma vasitəsi hesab olunsa da, Azərbaycan təbii ki daha çox şərqlə qərb arasında dəmiryolu əlaqəsinə nail ola bilər. Bundan başqa, indiki halda Xəzər dənizi də geniş bir yükdaşıma keçid məntəqəsinə çevrilə bilərsə təbii ki, dəmiryolunun əhəmiyyəti daha da arta bilər. Böyük ticarət potensialına malik bir layihədir. Bu potensialdan nə qədər istifadə ediləcəyi isə, sonrakı mərhələlərdə həyata keçirilən siyasətdən asılıdır. Lakin bütün hallarda ilk növbədə önəmli olan bu layihənin icrasının sürətləndirilməsi məsələsidir. Artıq neçə illərdir ki, Azərbayanda Neft Fondundan da bura vəsait ayrılır. Gürcüstana bu layihənin reallaşması və sürətləndirilməsi üçün Neft Fondundan kredit verilib. Artıq yenə məsələ Türkiyə ərazisində ləngiyir. Bu ləngimənin aradan qaldırılması üçün bu layihəyə yenidən baxış həyata keçirilməsinə ehtiyac var. Türkiyə hökumətinin bu layihənin icrasına nə qədər maraqlı olması məsələsi bir daha müzakirə olunmalıdır. Çünki Türkiyə tərəfindən atılan addımlar bir çox hallarda bu layihənin icrasının ləngidilməsində maraqlı olması ilə nümayiş olunur. Layihə həyata keçirilsə, əlbəttə dəmiryolunun həmin layihə vasitəsilə davam etdirilərək Naxçıvana dəmiryolu layihəsinin qurulması Azərbaycanın Naxçıvan ilə əlaqəsi və əhalinin gediş – gəlişinin asanlaşması baxımından əhəmiyyət kəsb edir.
Bakı – Tbilisi – Qars Dəmiryolunun ləngiməsində Rusiya faktoruna da toxunan ekspert, Rusiyanın marağına səbəb olmayan layihə olduğunu ifadə etdi: "Rusiyanın hər hansı bir formada maraqlarına toxunan bir layihə olduğunu hesab etmirəm. Çünki əslinə qalsa, tranzit yük daşınması xətti olaraq bu xətt Rusiyanın hər hansı bir maraqlarına ciddi bir təsir göstərmir. Bu baxımdan, məhz bu layihənin ləngidilməsinin sifarişli olduğunu indiki halda düşünmürəm. Sadəcə olaraq Gürcüstanın özündə iqtisadi – siyasi sabitliyin olmaması və Türkiyə və Azərbaycandan bu layihəyə daxil olan kredit vəsaitlərinin hesabına olması və yaxud bu kimi digər məsələlər layihəyə bir qədər marağı azaldır. Layihə icraçıları özləri bu layihənin iqtisadi əsaslandırmasından və əhəmiyyətindən kifayət qədər razı qalmadığı təqdirdə layihə uzadılması məsələsi ola bilər. Ümumiyyətlə bu layihənin gündəmə gələndən bu layihə ilə bağlı baxışlar birmənalı olmayıb. Zaman – zaman bu layihənin əhəmiyyəti ilə yanaşı, gözləntiləri doğrultmayacağı ilə bağlı fikirlər səslənib. Bütün hallarda təbii ki, Bakı – Tbilisi – Qars Dəmiryolu layihəsinin bu qədər uzadılması zaman – zaman Dövlət Neft Fondundan bu layihənin icrasına ayrılan vəsaitlərin istifadə edilməməsi məsələsi Azərbaycanda da oldu. Bu baxımdan layihə son dərəcə uzanmış layihədir. Bunun nə dərəcədə texniki şərtlərdən və iqlim şərtlərindən bağlı olması məsələsi xüsusi araşdırılmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB