Samir Şərifov: “Neftin qiyməti 60 dollara düşsə belə, təhlükəli ssenari yaşanmayacaq”

Samir Şərifov: “Neftin qiyməti 60 dollara düşsə belə, təhlükəli ssenari yaşanmayacaq”

"2015-ci il dövlət və icmal büdcələrinin layihəsi Azərbaycan Konstitusiyasına və büdcə qanunvericiliyinə uyğun olaraq Prezident İlham Əliyev tərəfindən Milli Məclisin müzakirəsinə təqdim edilib". SİA-nın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov büdcə layihəsini təqdim edərkən bildirib.

Onun sözlərinə görə, büdcə layihəsinin tərtibi prosesində dövlət və icmal büdcələrinin gəlirlərini təmin edən orqanların təqdim etdiyi təkliflər işçi qaydada birgə müzakirə edilib və gəlirlərin optimal variantı üzərində dayanılıb: "Prezident İlham Əliyevin dövlətin hərtərəfli inkişafına, xalqımızın rifahının yaxşılaşdırılmasına yönəldilmiş sosial-iqtisadi inkişaf kursu rəhbər tutulmaqla hazırlanmış layihədə sosial məsələlərin, aztəminatlı əhaliyə dövlət dəstəyinin prioritetliyi saxlanılıb. 2015-ci ilin dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 35,5 faiz həcmində olmaqla nominal ifadədə 19 milyard 438 milyon manat, dövlət büdcəsinin xərcləri isə ümumi daxili məhsulun 35,3 faizini təşkil etməklə 21 milyard 100 milyon manat proqnozlaşdırılır. Dövlət büdcəsinin gəlirləri 2014-cü ilin proqnozu ilə müqayisədə 1 milyard 54 milyon manat və ya 5,7 faiz çoxdur. Büdcə xərcləri isə bu ilin proqnozları ilə müqayisədə 1 milyard 37 milyon manat və yaxud 5,2 faiz artıqdır".

Nazir qeyd edib ki, büdcənin gəlirlər hissəsinin yarıdan çoxu Dövlət Neft Fondunun (ARDNF) hesabına təmin ediləcək: "Gələn il fonddan dövlət büdcəsinə 10 milyard 388 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Bundan başqa, Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 milyard 112 milyon manat, Dövlət Gömrük Komitəsinin xətti ilə natural ifadədə 1 miyard 590 milyon manat daxilolma proqnozlaşdırılır".

Layihədə dövlət büdcəsinin kəsirinin 1 milyard 662 milyon manat nəzərdə tutulduğunu deyən S.Şərifov vurğulayıb ki, Azərbaycanda gələn il dövlət büdcəsindən elmə ayrılan maliyyə vəsaitinin məbləği 21,8 faiz artırılacaq: "2015-ci ilin dövlət və icmal büdcələrinin layihəsində elm xərclərinə 142 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu, 2013-cü illə müqayisədə 21,8 faiz çoxdur. Həmin xərclər fundamental elmi tədqiqatların və dövlət təşkilatlarında mövcud olan elmi tədqiqat müəssisələri tərəfindən həyata keçirilən elmi işlərin maliyyələşdirilməsinə yönələcək".

S.Şərifov vurğulayıb ki, neftin qiyməti 60 dollara düşsə belə, hər hansı təhlükəli ssenari yaşanmayacaq: "2015-ci il üçün Dövlət Neft Fondunun xərcləri cari illə müqayisədə 9 faiz çox, yəni 12 milyard manatdan artıqdır: "Gələn il üçün ipoteka fonduna 50 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 10 milyon artıqdır. Bu dövr üçün neft gəlirlərinin 12 milyard 500 milyon manat, icmal büdcə 25 milyard manat, Naxçıvan Muxtar Respublikasının gəlirləri isə 367 milyon manat nəzərdə tutulub".

Bütün xəbərlər Facebook səhifəmizdə