Azərbaycanla BƏƏ arasında Hökumətlərarası Komissiyanın 5-ci iclası keçirilib

Azərbaycanla BƏƏ arasında Hökumətlərarası Komissiyanın 5-ci iclası keçirilib

Bakıda Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 5-ci iclası keçirilib. SİA-nın verdiyi xəbərə görə, iclasda çıxış edən Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfdən həmsədri iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasındakı istər siyasi-iqtisadi, istərsə də digər sahələrdə əlaqələrin uğurla davam etdirilir.

Nazir bildirib ki, bu komissiyanın keçirilməsi iki ölkə arasındakı əlaqələrin tənzimlənməsində böyük rola malikdir: "Ölkələrimiz arasında siyasi əlaqələr xüsusilə yüksək səviyyədədir. Elə bu səbəbdən də BƏƏ-nin nümayəndə heyətini Prezident İlham Əliyev özü qarşıladı. Səlahiyyətli şəxslər arasında da əlaqələr hər bir sahədə inkişaf etdirilir. Artıq komissiyanın 5-ci iclası keçirilir. Burada hər iki ölkənin maraqlarını əhatə edən məsələlər müzakirə olunacaq və bütün bunlar münasibətlərin möhkəmləndirilməsinə xidmət edəcək. Gələcəkdə də investisiya, təhsil, ticarət, turizm, kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq daha da genişləndiriləcək. İmzalanacaq protokolda da bütün məsələlər öz əksini tapacaq".

İclasda çıxış edən Hökumətlərarası Komissiyanın Birləşmiş Ərəb Əmirlikləri tərəfdən həmsədri, İqtisadiyyat naziri Sultan Bin Səid Əl Mansoori ölkələimiz arasında əlaqələrimizin ikitərəfli və beynəlxalq təşkilatlar səviyyəsində uğurla davam etdiyini vurğulayıb. Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edildiklərini xüsusi qeyd edən Sultan Bin Səid Əl Mansoori bu görüşdən böyük təəssüratla ayrıldıqlarını, paytaxt Bakıda həyata keçirilən quruculuq və abadlıq işlərindən məmnunluğunu bildirib. Ölkələrimiz arasında iqtisadi əməkdaşlıq imkanları barədə məlumat verən qonaq Azərbaycana müxtəlif malların ixracında maraqlı olduqlarını və bu sahədə ölkəsinin böyük təcrübəyə malik olduğunu qeyd edib.

Sonunda ikitərəfli əməkdaşlığı əhatə edən protokol imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə