Vüqar Bayramov: “Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzv olan ölkələr üçün heç bir önəmi yoxdur” AÇIQLAMA
"Ermənistan iqtisadiyyatı olduqca zəif olan bir ölkədir və gələcəkdə bu vəziyyətin perspektivini gözləmək də olmaz. Ona görə də Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzv olan ölkələr üçün heç bir önəmi yoxdur. Bu, sadəcə ittifaqdakı ölkələrin sayının artması baxımından əhəmiyyətlidir". Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib.
O bildirib ki, Ermənistanın ittifaqa qoşulması Avrasiya İqtisadi İttifaqına istər iqtisadi, istərsə də siyasi baxımdan heç bir töhvə verməyəcək: "Ermənistanın zəif iqtisadiyyata sahib olması, dəyişkən, qəbul olunmayan siyasi mövqeyi Avrasiya İttifaqının İqtisadi potensialının artmasına və siyasi gücünün möhkəmlənməsinə imkan vermir. Ermənistan Avropa Birliyi ilə azad iqtisadi danışıqlar aparırdı və birdən-birə ötən ilin sentyabr ayında bu birliklə danışıqları dayandıraraq Rusiya ilə Gömrük İttifaqına qoşulmaq barədə anlaşmanı imzaladı. Bu da onu göstərir ki, Ermənistan regional siyasətin qaydalarına belə riayət etmir və heç bir siyasi çəkiyə sahib deyil. Həmçinin, siyasi baxımdan heç bir dəstəyi də yoxdur. Bu baxımdan Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulmasında əsas məqsədi özünə "böyük qardaş" axtarmaqdır. İstəyir ki, ittifaqa qoşulan Rusiyadan, Qazaxıstandan, Belarusdan dəstək alsın. Təbii ki, bu da ciddi nəticələr verəcək bir siyasət deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB