Bakcell şirkəti layihəyə start verir FOTO

Bakcell şirkəti layihəyə start verir FOTO

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi Bakcell şirkəti gələcək nəsil mobil texnologiyalar sahəsində dünya lideri olan "Qualcomm" şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində "AppLab" adlı innovativ mobil developer layihəsinə start verir. SİA-nın xəbərinə görə, Bakcell şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib ki, layihənin məqsədi sahibkarların və proqram tərtibatçılarının öz ideyalarını daha sürətlə həyata keçirməsinə və Azərbaycan, eləcə də beynəlxalq bazarlar üçün istifadəyə tam hazır mütərəqqi mobil tətbiqetmələr yaratmalarına kömək göstərən effektiv alətlərin təmin edilməsidir.

O, həmçinin qeyd edib ki, şirkət "Qualcomm"la mühüm layihələr həyata keçirib: "Bu il əməkdaşlığımızı ölkənin telekommunikasiya sektorunda olduqca əhəmiyyətli hadisə hesab edilə bilən müxtəlif maraqlı layihələr çərçivəsində genişləndirdik. Bakcell, həmçinin son 3 il ərzində Azərbaycanın gənc developerlərinə dəstək göstərmək üçün ilk dəfə olaraq həyata keçirilən layihələrin tərəfdaşı olub. İndi biz maraqlı ideyaları olan gənclərə "AppLab" layihəsi kimi gözəl bir fürsət təqdim edirik. Proqram inkişaf etdirmə prosesində "Bakcell" və "Qualcomm" şirkətləri tərəfindən onlara böyük dəstək göstəriləcək və inanırıq ki, bu layihə onların xoşuna gələcək".

Daha sonra çıxış edən "Qualcomm" şirkətinin nümayəndəsi Ziad Matar deyib ki, "AppLab" ideyaların, mobil tətbiqetmələrin və texnologiyaların pilot variantından istifadəyə buraxılan tam hazır varianta qədər çatdırılmasında seçilmiş developerlərə kömək etmək üçün nəzərdə tutulan sürətləndirilmiş icra modelidir.

Məlumat üçün bildirək ki, layihə çərçivəsində gənc developerlər Bakcell şirkətinin Sahil ofisində yerləşən internetə pulsuz giriş, masa və təlim otağı ilə təchiz edilən yeni AppLab ofisində çalışa biləcək, eyni zamanda məhsulları sınaqdan keçirmək üçün ən müasir cihazlardan istifadə etmək imkanına malik olacaqlar.

"Bakcell" və "Qualcomm" şirkətlərinin təşkil etdiyi xüsusi ekspert qrupu isə gənc developerləri geniş çeşidli yerli bazar tələblərinə cavab verən yeni mobil proqramın pilot variantını tərtib etmək və həyata keçirməkdə dəstək göstərəcək.

Qeyd edək ki, AppLab layihəsində iştirak etmək üçün gənc developerlər sadəcə http://goo.gl/6nrfkF linkinə daxil olub qeydiyyatdan keçməli yaxud öz tərcümeyi-hallarını (CV) və ideyalarının təsvirini [email protected] ünvanına göndərməlidirlər.

Xatırladaq ki, Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunan ərazilər istisna olmaqla) əhatə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə