Nazir "Areva"nın nümayəndə heyəti ilə görüşüb FOTO

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Fransanın atom energetikası sahəsi üçün avadanlıqlar istehsal edən dünyanın tanınmış şirkəti "Areva"-nın ekspertlərindən ibarət nümayəndə heyəti ilə görüşüb. Nazirlikdən SİA-ya verilən xəbərə görə, Fransa prezidenti Fransua Ollandın Azərbaycana səfərini xatırladan nazir Əli Abbasov bu gəlişin ölkələrimiz arasında münasibətlərin genişləndirilməsinə xidmət etdiyini, eyni zamanda Bakıda Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan-Fransa biznes forumunda çıxışı zamanı fransalı prezidentin nüvə enerjisi və bərpa olunan enerji sahəsində qarşılıqlı əməkdaşlıq imkanlarına toxunduğunu bir daha diqqətə çatdırıb.

Azərbaycanda nüvə texnologiyalarının inkişaf etdirilməsi, nüvə energetikası üzrə tədqiqatların aparılması planlarından söz açan nazir Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində yaradılan "Milli Nüvə Tədqiqatları Mərkəzi" Qapalı Səhmdar Cəmiyyətinin gələcək fəaliyyətində nüvə enerjisinin sülh və dinc məqsədlərlə istifadə ediləcəyini, artıq bu sahədə BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (MAQATE), Avropa Nüvə Tədqiqatları Mərkəzi (CERN) ilə əməkdaşlığa başlandığını nəzərə çatdırıb.

Nazir ölkəmizdə qurulması planlaşdırılan Tədqiqat nüvə reaktorunun, həmçinin regiondakı ölkələrin alimləri tərəfindən də istifadə edilə biləcəyini və buranı regional mərkəzə çevirmək arzularında olduğunu vurğulayıb.

AREVA nümayəndə heyətinə rəhbərlik edən "Areva"nın Mərkəzi Asiya və Türkiyə nümayəndəliyinin sədri Abbas Cəlali Cəfəri "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin əməkdaşları üçün müxtəlif istiqamətlər üzrə təlimlərin təşkili, tənzimlənmənin qurulması və s. kimi işlərə başlamanın vacibliyini deyib.

Görüşdə Azərbaycanda tədqiqat nüvə reaktorunun qurulması ilə bağlı "Areva" şirkətinin təklifləri müzakirə olunub və maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, əməkdaşlıq çərçivəsində həyata keçiriləcək işlərin sürətləndirilməsi və fəallığın daha da artırılması qərara alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə