Sədaqət Vəliyeva: “Azərbaycan ərzaq təhlükəsizliyini təmin edir”

Sədaqət Vəliyeva: “Azərbaycan ərzaq təhlükəsizliyini təmin edir”

"Azərbaycan ərzaq təhlükəsizliyini təmin edə bilən ölkələrdəndir". Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva deyib.

Onun sözlərinə görə, Azərbaycan ərzaq təhlükəsizliyinin təmin edilməsi məsələsinə xüsusi diqqətlə yanaşır: "Prezident İlham Əliyevin apardığı siyasətin prioritetlərindən biri də odur ki, ölkə ekoloji baxımdan təmiz və keyfiyyətli məhsullarla təmin edilsin. Bu baxımdan, ərzaq təhlükəsizliyinin təmin edilməsi Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilən "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın və "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın xüsusi rolu var".

Sədaqət Vəliyeva daha sonra qeyd edib ki, son 10 il ərzində Azərbaycanda aqrar sektora olan böyük diqqət nəticəsində ölkənin kənd təsərrüfatı məhsulları ilə təminatında ciddi irəliləyişlər olub: "Məhz, kənd təsərrüfatında vergi güzəştlərinin tətbiqi, fermerlərə genişmiqyaslı dövlət dəstəyinin verilməsi, fermerlərin fəaliyyətinin stimullaşdırılması, məhsulun maya dəyərinə çəkilən xərclərin azaldılması məqsədilə yanacaq və mühərrik yağına, buğda və çəltik səpininə, toxum istehsalına və gübrə satışına subsidiyaların verilməsi, həmçinin, kənd təsərrüfatı texnika və avadanlığının və damazlıq mal-qaranın güzəştli lizinq şərtlərlə fermerlərə satılması bu sahədə böyük nailiyyətlərin əldə olunmasına gətirib çıxarıb. Elə bunun nəticəsidir ki, ümumilikdə, son 10 ildə ölkədə ərzaq təhlükəsizliyinin gücləndirilməsinə yönəldilən tədbirlər nəticəsində bitkiçilik məhsulları - 3,1 dəfə, heyvandarlıq məhsulları - 3,4 dəfə, ət istehsalı - 1,6 dəfə, sənaye üsulu ilə quş əti istehsalı - 4,6 dəfə, yumurta istehsalı 1,8 dəfə, süd istehsalı - 1,5 dəfə, taxıl istehsalı 1,4 dəfə artıb" Prezident İlham Əliyevin imzaladığı " regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramında xüsusilə kənd təsərrüfatı sahəsində ciddi irəliləyişlərin olmasına və ərzaq təhlükəsizliyinin daha da etibarlı təminatına şərait yaradacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə