Novruz bayramı ilə əlaqədar 15-19 martda yarmarkalar təşkil olunacaq

Novruz bayramı ilə əlaqədar 15-19 martda yarmarkalar təşkil olunacaq

"Ölkə Prezidentinin kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında imzaladığı sərəncamdan irəli gələn məsələlərin icrası məqsədilə Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkaları ən müasir standartlara uyğun və yeni qapalı formada qurulacaq, daha səmərəli təşkil olunacaq, əhali və fermerlər üçün əlverişli ticarət mühiti yaradılacaq". Bu barədə SİA-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hazıyev deyib.

Onun sözlərinə görə, ictimai iaşənin təşkili, müvafiq qaydada sanitar norma və qaydalara riayət olunması və əhalinin rahatlığı üçün hər cür şəraitin yaradılması bu yarmarkaları digərlərindən fərqləndirəcək: "Novruz bayramında əhalinin hər növ ərzaq və kənd təsərrüfatı malları ilə təmin olunması, bazardakı qiymətlərdən daha ucuz və keyfiyyətli məhsul əldə etmək məqsədilə Kənd Təsərrüfatı Nazirliyi 15-19 mart tarixlərində Bakı şəhərinin müxtəlif yerlərində ərzaq və kənd təsərrüfatı mallarının satış yarmarkalarını təşkil edəcək. Novruz bayramı ilə əlaqədar əhalinin ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatı tam təmin olunacaq, seçim imkanları artacaq, eləcə də süni qiymət artımının qarşısı alınacaq. Yarmarkalar Bakı şəhəri, Xətai rayonu Məhəmməd Hadi küçəsi, Ukrayna dairəsindən H.Aslanov metrosuna düşən yolda, Yasamal rayonu Akim Abbasov küçəsi, İran klinikasının yanında, Nərimanov rayonu Gənclik metrosu, stadionun yanında, Binəqədi rayonu Dərnəgül yaşayış sahəsi, 6 saylı peşə Litseyinin həyətində, Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi, "Günəş" ticarət mərkəzinin yanında, Nəsimi rayonu Təzə bazarın ərazisində, Səbail rayonu Badamdar qəsəbəsi, 239 nömrəli məktəbin yanında təşkil olunacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə