Vüqar Bayramov: “Azərbaycan MDB-də ən yaxşı göstəriciyə malikdir”
"Maliyyə Nazirliyi Azərbaycanın xarici borclar ilə bağlı məlumatı açıqlayıb". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, nazirliyin məlumatına əsasən, hazırda xarici dövlət borcu 4,753.2 milyon manat, xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti isə 8,2 faiz təşkil edir: "Nazirliyin xarici borc ilə bağlı rəsmi rəqəmlərinin təhlili göstərir ki, Azərbaycan xarici borclarının mövcud vəziyyətinin bir sıra müsbət və mənfi tərəfləri var. Azərbaycanın xarici borc məbləğində diqqəti çəkən əsas müsbət məqam ondan ibarətdir ki, ölkə xarici borcun Ümumi Daxili Məhsuldakı payına görə, MDB-də ən yaxşı göstəriciyə malikdir. Belə ki, bu göstərici Azərbaycanda 8,2 faiz olmaqla regionda bu sahədə ən yaxşı mövqeyə malik olan Özbəkistan (11,2 faiz) və Rusiyanı (14,1 faiz) qabaqlayır. Qonşu Gürcüstan və Ermənistan isə Ukrayna, Qazaxıstan ilə birlikdə MDB-də ən pis göstəriciyə malik ölkələr hesab edilirlər. Azərbaycanda adambaşına düşən 647,8 dollardır və bu göstəriciyə görə MDB-də yalnız Özbəkistana uduzuruq. Qonşu Gürcüstanda bu göstərici 2923 dollar, Ermənistanda 2755 dollar, Rusiyada 4433 dollar, Ukraniyada 3810 dollar, Qazaxıstanda isə 7824 dollardır. Azərbaycan misalında digər müsbət məqam isə dövlət rezervlərinin məbləğinin xarici borcları 9 dəfəyə yaxın üstüləməsidir. Bu da "sığorta yastığının" formalaşdırılmasına imkan verir.
Ölkəmizdə xarici borclanmanın mənfi tərəfi xarici borların məbləğinin son illər artmasıdır. Belə ki, əgər 2011-ci ilin əvvəlində ölkənin xarici borcu cəmi 3,7 milyard dollar idisə, indi bu rəqəm 6 milyard dollardan çoxdur. Bu isə o deməkdir ki, son 3 ildə ölkənin xarici borc məbləği 62 faizdən çox artıb. İllik orta artım isə 20 faizdən çox olub. Azərbaycanda xarici borcun illik yuxarı həddi 2,3 milyard manatdır. Xarici borclanmadakı artımın qarşısıının alınması üçün növbəti büdcə ili üçün dövlət büdcəsi haqqında qanununa həmin limitin azaldılması daha məqsədəuyğundur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB