Yevda Abramov: "350-yə yaxın iri müəssisələrin istifadəyə veriləcəyi gözlənilir"

Yevda Abramov: "350-yə yaxın iri müəssisələrin istifadəyə veriləcəyi gözlənilir"

"Azərbaycan Respublikası regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir". Bunu SİA-ya açıqlamasında millət vəkili Yevda Abramov deyib.

Onun sözlərinə görə, regionların sosial-iqtisadi inkişafı üçün nəzərdə tutulan hər iki Dövlət Proqramı uğurla başa çatdırılıb: "Artıq 3-cü Dövlət Proqramına strart verilib. Hər iki Dövlət Proqramlarında qarşıya qoyulan məqsədlərə nail olundu. Regionların inkişafı sahəsində qəbul edilən və uğurla həyata keçirilən dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulan vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına və yoxsulluq səviyyəsinin aşağı salınmasına təkan verdi. 3-cü Dövlət Proqramında isə əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması nəzərdə tutulur".

Yevda Abramov onu da qeyd edib ki, əvvəlki iki proqramların reallaşdırılması nəticəsində qısa müddətdə böyük uğurlar və nailiyyətlər əldə etdik: "Bu dövlətimiz, xalqımız üçün böyük uğurdur. Ancaq 3-cü Dövlət Proqramı hər iki dövlət proqramından üstün olacaq. Yeni zirvələr fəth ediləcək. Hər bir rayonun iqtisadi inkişaf təmayülünə görə, müəssisələr və obyektlər tikiləcək və 350-yə yaxın iri müəssisələrin istifadəyə veriləcəyi gözlənilir. Bununla da əhalinin işlə təmin olunacağı və işsizlik probleminin tamamilə aradan qaldırılacağı gözlənilir".

Bütün xəbərlər Facebook səhifəmizdə