Vahid Əhmədov: “Güzəştlər şərait yaradır ki, kəndlilər daxili və xarici bazara daha çox məhsul çıxarsın”

Vahid Əhmədov: “Güzəştlər şərait yaradır ki, kəndlilər daxili və xarici bazara daha çox məhsul çıxarsın”

"Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi başa çatıb". SİA-ya açıqlamasında Milli Məclisin iqtisadi siyasət Komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov belə deyib.

O bildirib ki, bu səbəbdən də Prezident İlham Əliyev tərəfindən növbəti 5 il üçün "Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin edilməsinə dair" Sərəncam imzalanıb.

Millət vəkilinin sözlərinə görə, kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştləri 2014-cü ilin yanvarın 1-dən etibarən tətbiq olunacaq: "Hüquqi və fiziki şəxslər tərəfindən yalnız Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq torpaq vergisi ödəniləcək. Bu güzəştlərə əsasən, torpaq vergisi istisna olmaqla kənd təsərrüfatı işçiləri 5 il müddətinə vergilərdən azad edilib. İlk dəfə Ulu öndər Heydər Əliyev kənd təsərrüfatı məhsulları istehsalını artırmaq və bu sahədə sahibkarlığın inkişafını sürətləndirmək məqsədi ilə "Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında" Qanunu təsdiqləyib.

Bu sərəncamın verilməsində əsas məqsəd, ərzaq təhlükəsizliyi proqramının həyata keçirilməsi üçün mühit yaradılsın, Azərbaycan özünü bütün kənd təsərrüfatı məhsullar ilə təmin etsin. Bu güzəştlər artıq neçə illərdir ki, tətbiq olunur və bu məsələ təqdirəlayiqdir. Edilən güzəştlər şərait yaradır ki, kəndlilər daxili və xarici bazara daha çox məhsul çıxarılsın".

Bütün xəbərlər Facebook səhifəmizdə