Dənizdə insan həyatının mühafizəsi üzrə Təlim Mərkəzinin yeni hovuzu

Dənizdə insan həyatının mühafizəsi üzrə Təlim Mərkəzinin yeni hovuzu

Bu gün dənizdə insan həyatının mühafizəsi üzrə Təlim Mərkəzinin yeni hovuzunun açılışı olub. SİA-nın məlumatına görə, ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev, fövqəladə hallah naziri Kəmaləddin Heydərov, digər rəsmi şəxslər, habelə şirkət rəhbərliyinin nümayəndələri dəniz neftçilərinin həyatının xilas edilməsi məqsədi ilə məşqlərin keçirilməsi üçün nəzərdə tutulan hovuzun açılışında iştirak ediblər.

ARDNŞ-nin prezidentinə məlumat verilib ki, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Dənizdə insan həyatının mühafizəsi üzrə Təlim Mərkəzi üçün inşa edilən hovuzun uzunluğu 50, eni isə 21 metrdir. 3000 kubmetr tutuma malik hovuzun dərinliyi 1,8 metrdən 4 metrə qədərdir. Hovuz su üzrə müasir təmizləyici, suyun isidilməsi və dalğa yaradan simulyativ sistemlərlə təchiz edilib. Burada 16 nəfərlik tanker tipli qravitasiya qayığı, "Vikinq" tipli endirilən və atılan sallar, eləcə də "PSN-6" tipli aviasiya Salı quraşdırılıb.

Hovuzun açılışında, həmçinin müasir trenajorlardan və avadanlıqlardan istifadə etməklə fövqəladə hallar zamanı insanların xilas edilməsinin bəzi epizodları əyani şəkildə nümayiş olunub.

Rövnəq Abdullayeva o da məlumat verilib ki, Dənizdə insan həyatının mühafizəsi üzrə Təlim Mərkəzi müxtəlif vaxtlarda, müxtəlif qurumların tərkibində fəaliyyət göstərib. ARDNŞ-nin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin nəzdində isə 2011-ci ildən fəaliyyətə başlayıb. 2012-ci ildən həmin Təlim Mərkəzində 8150 nəfər təlim və məşq keçib. Hər bir dinləyici Dövlət Dəniz Administrasiyası tərəfindən Beynəlxalq Dəniz Təşkilatının tanıdığı beynəlxalq sertifikatlarla təmin olunub.

Görülən işlərdən razı qaldığını bildirən ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev dəniz neftçilərinin həyatının xilas edilməsi üçün məşqlərin keçirilməsi məqsədi ilə yaradılan hovuzun istifadəyə verilməsi münasibətilə Təlim Mərkəzinin əməkdaşlarını təbrik edib. O, respublikada peşəkar fəhlə kadrların hazırlanması və onların müasir təlim texnologiyalarına yiyələnməsi üçün Şirkətin nəzdində fəaliyyət göstərən mərkəzlərin rolunu yüksək qiymətləndirib, bu mərkəzlərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində tədbirlərin gələcəkdə də davam etdiriləcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə