İlham Şaban: “TANAP Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır”
"Avropanın bir çox ölkələri Rusiya qazından asılıdırlar. TANAP layihəsinin həyata keçirilməsi həmin ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayacaq". SİA-ya açıqlamasında iqtisadçı-ekspert İlham Şaban belə deyib.
Onun sözlərinə görə, layihə qaz təchizatına görə Rusiyadan asılı olan dövlətlərin 30-50 faizədək mavi yanacaqla təminatını reallaşdıracaq: "TANAP layihəsi ilə Azərbaycan birbaşa Avropa enerji təhlükəsizliyi siyasətinin həyata keçirilməsinə öz töhfəsini vermiş olacaq. Bundan başqa, sözügedən layihə Xəzər hövzəsi ölkələri ilə Avropa arasında böyük nəqletmə dəhlizinin yaranmasına imkan verəcək. Bu magistral boru kəməri məhz, Azərbaycandan başlayır. TANAP Xəzərdə kəşf ediləcək yataqların, hətta Xəzərin digər sahilindən mavi yanacağın nəqlini təmin edəcək bir layihədir".
İqtisadçı-ekspert qeyd edib ki, gələcəkdə bu layihəyə digər ölkələrin də qoşulması mümkündür: "Xəzərin şərqindəki qaz kəməri istifadəyə verilərsə, Azərbaycanın qazı TANAP vasitəsilə Avropa bazarına çıxarılacaq. Bu isə təkcə Türkmənistanın mavi yanacağı üçün yox, gələcəkdə ola bilsin ki, İraqın qaz kəmərinin də buradan keçməsinə səbəb olsun. Ancaq bu ilk növbədə, Azərbaycan qazının dünya bazarına çıxarılmasına hesablanan layihədir. Bu layihə fasiləsiz işlək vəziyyətdə olan infrastruktur layihəsinə çevriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB