İqtisadi inkişaf naziri Kürdəmirdə vətəndaşları qəbul edib

İqtisadi inkişaf naziri Kürdəmirdə vətəndaşları qəbul edib

Bu gün İqtisadi inkişaf naziri Şahin Mustafayev Kürdəmir şəhərində İmişli, Zərdab və Kürdəmir rayonlarından olan vətəndaşları qəbul edib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Şahin Mustafayev vətəndaşların müraciətlərini və təkliflərini dinləyib. Qəbul zamanı qaldırılan bir sıra məsələlər yerindəcə həllini tapıb, digər müraciətlərin isə hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun həlli üçün Nazirliyin aidiyyəti struktur bölmələrinə tapşırıqlar verilib. Vətəndaşların İqtisadi İnkişaf Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətləri isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb. Ümumiyyətlə, qəbulda 45 vətəndaş iştirak edib.

Qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, kənd yollarının tikintisi, qaz çəkilişi, sosial və s. məsələlərlə bağlı müraciət ediblər. Qəbul zamanı həmçinin, sahibkarlarla heyvandarlıq, bağçılıq, tikinti materiallarının istehsalı, mebel istehsalı və s. sahələr üzrə müzakirələr aparılıb və həmin layihələrin güzəştli qaydada maliyyələşdirilməsi üçün müvafiq göstərişlər verilib. Qəbul günü birbaşa müraciət edən vətəndaşlar da nazir Şahin Mustafayev tərəfindən qəbul edilib, hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib, müraciətlərin operativ həlli üçün qanunvericiliyə müvafiq tədbirlər görülüb.

Qeyd edək ki, iqtisadi inkişaf nazirinin Kürdəmirdə vətəndaşları qəbul edəcəyi barədə ictimaiyyət əvvəlcədən məlumatlandırılıb. Belə ki, qəbula dair kütləvi informasiya vasitələrində müvafiq elanlar verilib və qəbula yazılmaq üçün əlaqə vasitələri göstərilib. Bununla yanaşı, vətəndaşların qəbulu işinin yeni informasiya texnologiyalarının imkanlarından hərtərəfli istifadə olunaraq təşkili üçün İqtisadi İnkişaf Nazirliyinin rəsmi internet və facebook səhifələrində "İqtisadi inkişaf nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölməsi yaradılıb və vətəndaşların qəbulu üçün müraciətlər bu bölmə vasitəsilə də qeydiyyata alınıb. Qəbula gələn vətəndaşlar mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razılıqlarını bildirib, yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıq ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə