SAM nümayəndə heyəti Braziliyaya səfər edəcək

SAM nümayəndə heyəti Braziliyaya səfər edəcək

17-21 iyun 2013-cü il tarixlərində Strateji Araşdırmalar Mərkəzin (SAM) İqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin müdiri Vüsal Qasımlı, Xarici siyasət şöbəsinin müdiri Rövşən İbrahimov və baş elmi işçi Kamal Makili-Əliyev Braziliyaya səfər edəcək.

SİA-ya verilən məlumata görə, səfərin ilk günü nümayəndə heyəti Braziliyanın Strateji Məsələlər Nazirliyində müzakirələr aparacaq. V.Qasımlı "Azərbaycanda orta sinif: BRİCS ölkələri ilə müqayisədə" mövzusunda çıxış edəcək. K.Makili-Əliyevin çıxışı isə kibertəhlükəsizlik sahəsində nəzərdə tutulub. SAM-ın nümayəndə heyəti Braziliyanın Müdafiə Nazirliyinin Kiber Müdafiə Mərkəzində də olacaq.

Səfər zamanı SAM-ın nümayəndə heyəti Braziliyanın Alexandre de Gusmão Fondu (Funag) ilə akademik əməkdaşlıq imkanlarını müzakirə edəcək.

SAM Braziliya Beynəlxalq Əlaqələr Mərkəzi ilə birgə "Neft geopolitikası: Azərbaycandan baxış" mövzusunda dəyirmi masa planlaşdırılır. R.İbrahimov bu tədbirdə Azərbaycanın enerji siyasəti mövzusunda məruzə ilə çıxış edəcək.

Qeyd edək ki, Braziliyaya səfər gedişində SAM-ın nümayəndə heyətinin hökumət və akademik dairələrdə digər görüşləri də nəzərdə tutulur. SAM-ın təmsilçilərinin səfəri Azərbaycan həqiqətlərinin Braziliya ictimaiyyətinə çatdırılması və iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsinə xidmət edir.

Bütün xəbərlər Facebook səhifəmizdə