Vüsal Qasımlı: “Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu artacaq ”

Vüsal Qasımlı: “Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu artacaq ”

"Qarşıdakı 10 il ərzində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edəcək. Azərbaycanın iqtisadi inkişafı bundan sonra insan kapitalının üzərində qurulacaq". Bunu SİA-ya açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, ölkəmiz Avropa coğrafiyasında enerji təhlükəsizliyi sahəsində rolunu artıracaq: "Gələcək 10 ilin proqnozlarına görə, neft və qaz sektorunda emal sənayesi güclənəcək. Digər tərəfdən ölkəmizdə İKT, turizm, emal sənayesi, bank və aqrar sektorlarda ciddi irəliləyişlərin olması gözlənilir. Hazırda Azərbaycan yüksək inkişaf indeksinə malikdir və yüksək orta gəlirli ölkələr qrupuna daxildir. 10 il ərzində Azərbaycanda orta sinif güclənəcək. Nəticədə, ölkədəki yoxsul təbəqə orta sinfə çevriləcək. Bununla yanaşı, ölkənin təhsil və səhiyyə xidmətləri də inkişaf edəcək. Proqnozlara görə, ölkənin kommunal xidmət sahələri modernləşdiriləcək, sosial infrastruktur layihələri inkişaf etdiriləcək: "Hazırda tək paytaxt deyil, Azərbaycanın regionlarında da sürətli inkişaf gedir, çünki əhalinin regional şəhərlərə köçü sürətlənib".

Bundan başqa Vüsal Qasımlı son 3 ilin statistikasına diqqət yetirdikdə, Azərbaycanın ÜDM artımının qeyri-neft sektorunun payına düşdüyünü qeyd edib: "Qeyri-neft sektorundakı artım il ərzində 10 faizdir. Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycanın ÜDM 3 dəfə artıb: "BVF hesabatında da göstərilib ki, Azərbaycan son 10 il ərzində sürətlə inkişaf edən ölkədir. 2009-cu ildə qlobal böhran zamanı Azərbaycan iqtisadi artım tempinə görə, dünyada 5-ci yerdə idi. Bu iqtisadi inkişaf tempi davamlı olacaq."

Bütün xəbərlər Facebook səhifəmizdə