Mayın 3-də Lənkəran rayonunun daha iki kəndinə təbii qaz verilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Kosalar və Şağlakücə kəndlərinin sakinləri 20 illik fasilədən sonra yenidən təbii qazın sevincini yaşayıblar.
Kosalar kəndində 232 mənzilə fərdi qaz tənzimləyici və mexaniki sayğac, 38 ədəd müxtəlif diametrli siyirtmələr quraşdırılmış, 11 min 906 metr qaz kəməri çəkilib. Şağlakücə kəndində 735 mənzilə fərdi qaz tənzimləyici və mexaniki sayğac, 85 ədəd müxtəlif diametrli siyirtmə quraşdırılıb, 20 min metrə yaxın qaz xətti çəkilib.Bu münasibətlə hər iki kənddə təntənəli açılış mərasimi düzənlənib.
Kənd sakinləri çıxış edərək Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində hər iki kəndin təbii qazla təmin edilməsinin bütün kənd sakinlərinə ən yaxşı töhfə olduğunu, ölkə Prezidenti cənab İlham Əliyevə, Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşova və "Azəriqaz" İstehsalat Birliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.
"Azəriqaz" İstehsalat Birliyi əsaslı tikinti şöbəsinin rəis müavini Natiq Ələsgərov, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli əhalini təbrik edərək onlara ən səmimi və xoş arzularını çatdırıblar.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov hər iki kəndin sakinlərini təbrik edərək, təbii qazın evlərə həmişə istilik, hərarət gətirməsini, mavi yanacaqdan yalnız toy-düyündə istifadə edilməsini arzulayıb. Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə bunun əhaliyə ən böyük bayram hədiyyəsi olduğunu bildirib.
Sonda İcra başçısı Taleh Qaraşov və millət vəkili Hadi Rəcəbli rəmzi məşəli alovlandırıblar.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB