Türkiyə Respublikasının Elm, Sənaye və Texnologiya Nazirliyinin Kiçik və Orta Müəssisələrin İnkişafı Təşkilatının (KOSGEB) nümayəndələri ölkəmizdə səfərdədir. İqtisadi İnkişaf Nazirliyindən SİA-ya verilən məlumata görə, səfər çərçivəsində Bakı Biznes Mərkəzində Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə KOSGEB arasında imzalanmış "İqtisadi əlaqələrin və əməkdaşlığın təşviq edilməsi haqqında" Protokol üzrə İşçi Qrupunun ilk iclası keçirilib. Tədbirdən əvvəl Türkiyə nümayəndə heyəti və Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun Bakı Biznes Mərkəzində Azərbaycanın sosial-iqtisadi inkişafına həsr olunmuş sərgi ilə tanış olublar. Tədbirdə çıxış edən İqtisadi İnkişaf nazirinin müavini Niyazi Səfərov Azərbaycan iqtisadiyyatı, ölkəmizdə yaradılmış makroiqtisadi sabitlik, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülmüş işlər, sahibkarlığa dövlət dəstəyi tədbirləri, əlverişli biznes və investisiya mühiti barədə məlumat verib. Nazirliyin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov çıxışında İqtisadi İnkişaf Nazirliyi ilə Türkiyənin KOSGEB təşkilatı arasında imzalanmış "İqtisadi əlaqələrin və əməkdaşlığın təşviq edilməsi haqqında" Protokol üzrə İşçi Qrupunun fəaliyyəti və görəcəyi işlər barədə məlumat verib. Bildirilib ki, 2006-ci ildə imzalanmış sənədin əsas məqsədi Azərbaycanın və Türkiyənin kiçik və orta sahibkarları arasında müxtəlif sahələrdə iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsi, hər iki ölkədə fəaliyyət göstərən kiçik və orta sahibkarların beynəlxalq bazarda rəqabətinin inkişafına dəstək göstərilməsi, təcrübə və məlumat mübadiləsinin həyata keçirilməsidir. Bu məqsədlə yaradılmış İşçi Qrupu çərçivəsində hər iki ölkənin KOS-ları arasında müxtəlif sərgi, seminar və tədbirlərə dair məlumat mübadiləsinin, iş adamlarının qarşılıqlı səfərlərinin təşkili, KOS-lara dəstək siyasəti və bu sahədə tətbiq edilən modellər barədə sahibkarların məlumatlandırılması və s. tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
KOSGEB-in vitse-prezidenti Salih Tuna Şahin Azərbaycana səfərindən və "İqtisadi əlaqələrin və əməkdaşlığın təşviq edilməsi haqqında" Protokol üzrə İşçi Qrupunun ilk iclasının Bakıda keçirilməsindən məmnunluğunu ifadə edib, İşçi Qrupunun kiçik və orta sahibkarlıq sahəsində fəaliyyət göstərən iş adamları arasında əlaqələrin inkişafı, hər iki ölkənin KOS-ları arasında təcrübə və məlumat mübadiləsinin genişləndirilməsi baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırıb.
Tədbirdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes və investisiya mühiti, həmçinin AZPROMO-nun fəaliyyəti barədə məlumat verib. İclas çərçivəsində İşçi Qrupunun fəaliyyətinə və həyata keçirəcəyi tədbirlərə dair müzakirələr aparılıb, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.
Qeyd edək ki, aprelin 5-dək davam edəcək səfər çərçivəsində Türkiyə Respublikasının Elm, Sənaye və Texnologiya Nazirliyinin Kiçik və Orta Müəssisələrin İnkişafı Təşkilatının nümayəndələri görüşlər keçirəcək, bir sıra müəssisələrin fəaliyyəti ilə tanış olacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB