Nizami rayonunda piyada keçidi istifadəyə verilib

Nizami rayonunda piyada keçidi istifadəyə verilib

Dekabrın 28-də Paytaxtın Nizami rayonunda, Qara Qarayev prospektində, Heydər Əliyev parkının qarşısında yeraltı piyada keçidi istifadəyə verilib.

"Azəryolservis" ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı" çərçivəsində son illər paytaxtın müxtəlif rayonlarında genişmiqyaslı tədbirlər həyata keçirilmiş, çoxlu sayda yol ötürücü, körpü, tunel, yeraltı və yerüstü piyada keçidləri inşa edilmiş, müasir tələblər səviyyəsində yeni avtomobil yolları salınıb.

Tikintisi cari ilin fevral ayında başlanılmış keçidin uzunluğu 45 metr, eni 12 metr, hündürlüyü isə 3 metrdir. Keçiddə yağış və qrunt sularını kənarlaşdırmaq üçün drenaj xətləri çəkilib və nasosxana inşa olunub. Divarlara və döşəmələrə Türkiyə istehsalı olan mərmər vurulub. Pilləkənlərdə insanların sürüşməməsi üçün yanmış mərmərdən istifadə olunub, əlil arabaları üçün xüsusi yer ayrılıb.

Burada həmçinin müasir işıq sistemi quraşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə