2020-ci ildə Azərbaycanda orta aylıq əmək haqqı 684 manat olacaq
Pensiya yaşı dəyişir?

Qarşıdakı 8 ildə Azərbaycanda pensiya yaşının artırılması məqsədəuyğun deyil. SİA-nın məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bu gün Bakıda keçirilən "Azərbaycan-2020: Gələcəyə baxış" konfransında çıxışında bildirib: "Dövlət Sosial Müdafiə Fondunun hesablamalarına görə, 2020-ci ilədək hazırda müəyyən edilmiş pensiya yaşının saxlanılması məqsədəuyğundur. Yəni, pensiya yaşı kişilər üçün 63 yaş, qadınlar üçün isə 60 yaş səviyyəsində saxlanılmalıdır".

S.Müslümov bildirib ki, hesablamalara əsasən, 2020-ci ildə ölkə vətəndaşlarının pensiya sistemində olma müddəti (yəni, pensiyaya çıxandan sonra ömür müddəti) 16,4 il təşkil edəcək ki, kişilər üçün bu müddət 10 il, qadınlar üçün isə 21 il təşkil edəcək. DSMF-nin digər hesablamalarına görə, 2020-ci ildə ölkədə kişilərin orta ömür uzunluğu 73 il, qadınların isə 81 il təşkil edəcək.

"Bununla yanaşı, Dövlət Sosial Müdafiə Fondunun hesablamalarına əsasən, 2020-ci ildə Azərbaycanda orta aylıq əmək haqqı 684 manat və ya bu günə nisbətən 1,8 dəfə artıq olacaq. DSMF-də aparılan aktuar hesablamalara əsasən, 2020-ci ilədək Azərbaycanda istehlak qiymətlərinin indeksi, yəni orta inflyasiya ildə 4% olacaq. Muzdla işləyənlərin orta illik sayı 2 mln. nəfər və ya iqtisadi aktiv əhalinin 42%-i qədər, (hazırda 31,7%-dir), sərbəst məşğul əhalinin orta illik sayı 2,8 mln. nəfər, bir işçiyə hesablanan orta aylıq əmək haqqı isə 684 manat təşkil edəcək",- deyə sədr çıxışında əlavə edib.

Qeyd edək ki, 2012-ci il noyabrın 1-ə olan məlumata görə, ölkə üzrə orta aylıq əmək haqqı 388,2 manatdır.

Bütün xəbərlər Facebook səhifəmizdə