Bakı şəhəri, Yasamal rayonu, H.Cavid küçəsi, 19 ünvanında Necmettin Erişenə və Binəqədi rayonu, Atatürk prospekti, 60 ünvanında Aysel Əsədovaya məxsus mağazalarda aparılan yoxlama zamanı qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadılması səbəbindən İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən bu sahibkarlar barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb. İqtisadi İnkişaf Nazirliyindən SİA-ya verilən məlumata görə, Dövlət Xidmətində işə baxılıb və "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə Necmettin Erişenə 435 manat, Aysel Əsədovaya isə 330 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.
Eyni zamanda İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin istehlak bazarında apardığı növbəti monitorinqlər zamanı Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi, ev 57 ünvanında yerləşən "Fidan market"də 23 çeşiddə ümumi çəkisi 45 kq-dan artıq olan saxlama müddəti ötmüş, normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.
Bundan başqa, mağazada satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilib. Qanun pozuntusuna yol vermiş təsərrüfat subyekti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görüləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB