Bu gün "Azərfon" MMC-yə məxsus "Nar Mobile" şirkətinin yeni baş ofisinin açılışı olub. SİA-nın məlumatına görə, baş ofis Heydər Əliyev prospekti 106 A ünvanında yerləşir. Açılışda Nar Mobilenin baş direktoru Yurgen Pits, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov, rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov iştirak ediblər.
Yurgen Pits bildirib ki, yeni ofisdə ən son texnologiyalardan istifadə olunur və hazırda burada 600 işçi çalışır. Ölkənin İKT sektorunun sürətlə inkişaf etdiyini bildirən Y.Pitz onu da vurğulayıb ki, "Azerfon" şirkəti də bu sektorun inkişafına öz töhfəsini verir: "Son bir ildə biz şəbəkəmizin təkmilləşdirilməsinə 70 mln. manat vəsait yatırmışıq. Bizim gənc mobil rabitə operator olduğumuza baxmayaraq, abunəçilərimizin sayı 2,2 mln-a çatıb".
Y.Pitz şirkətin göstərdiyi xidmətlərdən, o cümlədən 3G xidməti, onun metro stansiyalarında tətbiqi, şirkətin göstərdiyi xidmətlərdən və təyyarələrdə istifadəsindən danışıb və qeyd edib ki, gələcəkdə xidmətlərin sayı daha da genişləndiriləcək.
Tədbirdə çıxış edən Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov qeyd edib ki, hazırda Azərbaycan İKT sahəsinin inkişafına görə təkcə Cənubi Qafqaz regionunda deyil, həmçinin postsovet məkanında və Qərbi Avropa regionunda lider ölkələrdən sayılır: "Bu sahədə görülən işlər Azərbaycanı cəlb edən, arzu olunan və tərəfdaş ölkəyə çevirir".
Əli Həsənov həmçinin vurğulayıb ki, bu bina əvvəllər ayaqqabı fabriki olub. Əvvəllər ən keyfiyyətsiz ayaqqabı istehsal edən bu fabrikdə indi keyfiyyətli rabitə xidməti göstərən şirkət yerləşir.
Tədbirdə çıxış edən rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov "Azerfon" şirkətinin qısa bir müddət ərzində əldə etdiyi nailiyyətlər və göstərdiyi xidmətləri yüksək qiymətləndirib və ümumiyyətlə ölkədə son illər ərzində İKT sahəsinin dinamik inkişafından danışıb.
Rəsmi açılışdan sonra jurnalistlər və qonaqlar bina ilə tanış olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə