Benzin rekord qiymətə qalxdı

Almaniyada əhali təşvişlə benzinin qiymətinin qalxmasını izləyir. SİA-nın Almaniya bürosu xəbər verir ki, ötən gün 1 litr E-10(95) markalı benzinin qiyməti ortalama olaraq 1.70 avroya satılıb.

Bəzi yanacaqdoldurma stansiyalarında isə bu rəqəm daha böyük olub. Bu aprel ayındakı 1.64 avrodan sonra yeni rekorddur. Uyğun olaraq dizel yanacağının da qiyməti həyacan təbili çalmaqdadır. Hazırda benzin doldurma stansiyalarında dizel yanacağının bir litri 1.53 avroya satılır. Təxminən 10 gün ərzində yanacağın qiymətinin belə sıçrayışla qalxmasında ekspertlər Mərkəzi Avropa bankını günahlandırırlar. Əksəriyyətin qənaətincə, AMB avrozonanın problemli ölkələrinin aksiyalarını ucdantutma almaqla Ümumavropa valyutasını zəiflədir və zəif valyutanın fonunda yanacağın qiyməti süni olaraq qalxır.

Azad Demokratlar Partiyasının Hessen Yorq torpagındakı sədri Uve Han jurnalistlərə müsahibəsində bildirib ki, Avropa indi qarşısına nəyin bahasına olursa olsun avronun stabilliyini qorumaq vəzifəsini qoyub. Bu yöndə ən böyük yük Avropa Mərkəzi Bankının üzərinə düşür. "Amma, Mərkəzi Bank problemli ölkələrin aksiyalarını almaqda davam edərsə valyutanın stabilliyi istiqamətində böyük riskə getmiş olur və bu istehlakçının xüsusilə yanacaq və daşınmaz əmlak bazarında xərclərini xeyli artıracaq", - deyən siyasətçi bütün hallarda Avropanın qlobal iqtisadiyyatdan asılı olduğunu və zəifləmiş valyutanın yerli istehlakçıya baha başa gəldiyini vurğulayır.

Ekspertlər digər bir səbəb kimi İran neftinə qoyulan embarqonu göstərirlər. Onların fikrincə bundan başqa durmadan pisləşməkdə davam edən İran-İsrail münasibətləri və Misirdə yeni prezidentin ordunun yüksək vəzifəli şəxslərini istefaya göndərməklə durumu gərginləşdirməsi ümumilikdə, daha çox isə Avropada yanacağın qiymətinə nəzərə çarpacaq dərəcədə təsir edir. Misirdəki vəziyyəti səbəb kimi göstərənlər bu ölkənin Avropaya nəql olunan neftin böyük bir hissəsinin keçdiyi Süveyş kanalına nəzarət etdiyini əsas gətirirlər. Amma bu səbəbi ciddiyə alanlar azlıq təşkil edir. Əksəriyyət Avropada yanacağın bahalaşması səbəbini zəifləyən ümumvalyutanın fonunda qiymətlərin süni surətdə qaldırılmasında görürlər.

Şahin Abasov

Bütün xəbərlər Facebook səhifəmizdə