Azərbaycan-Rusiya biznes forumu keçirilib-FOTO

Azərbaycan-Rusiya biznes forumu keçirilib-FOTO

İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Rusiya biznes forumu keçirilib. SİA-nın xəbərinə görə, biznes forumda çıxış edən iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov ölkəmizin qazandığı sosial-iqtisadi nailiyyətlər barədə məlumat verib. O, qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən sosial-iqtisadi islahatlar nəticəsində Azərbaycan dinamik inkişaf edən ölkəyə çevrilib, sahibkarlıq fəaliyyəti genişlənib, biznes və investisiya mühiti daha da yaxşılaşıb. Görülən genişmiqyaslı işlər ölkəmizin iqtisadi qüdrətini daha da artırıb, Azərbaycan investisiya ixrac edən ölkəyə çevirilib.

Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq iqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Şimali Qafqaz regionunda investisiya imkanlarının araşdırılması məqsədilə 25-30 noyabr 2011-ci il tarixlərində bu regionda (Dağıstan, Çeçenistan, İnquşetiya, Şimali Osetiya-Alaniya, Qaraçay-Çərkəz,Kabardin-Balkar, Stavropol diyarı) səfərdə olub. Bu gün keçirilən biznes forum da verilən tapşırıqların icrası istiqamətində həyata keçirilən işlərin tərkib hissəsidir.

Rusiya Federasiyası Kabardin Balkar Respublikasının Baş nazirinin müavini Kazım Uyanayev Rusiya Federasiyası Kabardin Balkar Respublikasının Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb, iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığın genişləndirilməsi və Kabardin Balkara investisiya qoyuluşu imkanları barədə məlumat verib.

AZPROMO-nun prezidenti Adil Məmmədov Azərbaycanın biznes və investisiya mühiti barədə təqdimatla çıxış edib. Sonra Azərbaycan və Dağıstan iqtisadiyyatına, biznes və investisiya imkanları barədə təqdimatlar keçirilib.

Tədbirdə Azərbaycan və Rusiya Federasiyasının Kabardin Balkar Respublikası arasında əməkdaşlığın inkişaf etdirilməsi imkanları barədə məlumat verilib, əlaqələrin inkişafında biznes forumların, işgüzar görüşlərin keçirilməsinin əhəmiyyəti qeyd edilib. Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.

Görüşlərdə işgüzar əlaqələrin inkişafı perspektivləri müzakirə edilib. Səfər çərçivəsində Kabardin Balkar Respublikasının nümayəndə heyəti Sumqayıt Texnologiyalar Parkında, Binə qəsəbəsindəki "Qrintek" istixana kompleksində istehsal prosesi ilə tanış olacaqlar. Qonaqlar Azərbaycanın turizm imkanları və müasir texnologiyalara əsaslanan müəssisələrin fəaliyyəti ilə tanış olmaq üçün Qəbələ və Xaçmaz rayonlarına səfər edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə