Qeyri-neft sənayesində məhsul istehsalı 11,2 faiz artıb

Qeyri-neft sənayesində məhsul istehsalı 11,2 faiz artıb
Cari ilin yanvar-aprel aylarında Azərbaycanda qeyri-neft sənaye bölməsinin əksər sahələrində istehsalın həcmi artmaqda davam edərək, ümumi artım 11,2 faiz təşkil edib. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, sənaye məhsulunun 78,2 faizi mədənçıxarma bölməsində, 16,2 faizi emal bölməsində, 5,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunib. Özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 82,1 faizini təşkil edib, ümumi istehsalın 92,6 faizi sənaye mallarının (əmtəəlik), 7,4 faizi isə sənaye xarakterli xidmətlərin hesabına yaradılıb. Qeyd edək ki, cari ilin yanvar-aprel aylarında sənayedə fəaliyyət göstərən sahibkarlıq subyektləri tərəfindən 12,3 milyard manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə