Əlvida \"Nabucco\"...

Dekabrın 26-da Azərbaycan və Türkiyə "Şahdəniz" yatağının qazının Avropaya nəqlini nəzərdə tutan Trans Anadolu Qaz Kəmərinin (TAQK) çəkilməsi üzrə anlaşma memorandumu imzaladı və beləliklə, Avropaya postsovet məkanından Rusiyadan yan keçməklə qaz nəqlini nəzərdə tutan ilk yeni alternativ kəmər yarandı - TAQK-la nəql ediləcək 16 milyard kubmetr Azərbaycan qazının 6 milyard kubmetri Türkiyə bazarına çıxarılacaq, 10 milyard kubmetri isə birbaşa Avropa bazarına çatdırılacaq. Lakin bu, adətən Avropa bazarını postsovet qonşularına qısqanan Moskvanın vecinə olmadı, Rusiya mətbuatı və analitikləri xəbəri müsbət qarşıladılar. Bəzi analitiklər hətta "Qazprom"un dekabrın 15-də 2012-ci ildə Azərbaycandan yetərincə normal qiymətə (min kubmetri 220 dollara) alacağı təbii qazın həcmini 2 milyard kubmetrdən 3 milyard kubmetrə qaldırmasını Kremlin rəsmi Bakıya bu qərarla bağlı öncədən dəstəyi sayırlar.


Moskvanın nəyə görə sevindiyi aydındır, Kreml məhşur rus misalında olduğu kimi "iki mümkün bəladan zəif olanı"nı seçib. Yəni indiyə kimi Mərkəzi Asiyanın neft-qaz ehtiyatlarının Rusiyanın nəzarətindən çıxarmağa istiqamətlənmiş "Nabucco" layihəsi gündəmdə idi - Mərkəzi Avropaya daşınması nəzərdə tutulan 30 milyard kubmetr təbii qazın 20 milyard kubmetrinin təchizatçısı Türkmənistan olmalı adi. Beləliklə, Rusiya üçün vaxtilə ildə 90 milyard kubmetrə yaxın ucuz qaz təmin edən, hazırda isə keçmiş tərəfdaşına ildə yalnız 10 milyrad kubmetr təbii qaz sata bilən bir ölkə Avropa bazarında onun əsas rəqiblərindən birinə çevrilə bilərdi. Moskva Türkmənistanın layihəyə qoşulması məsələsini o qədər ciddi təhlükə sayırdı ki, hətta Xəzərin altı ilə çəkilicək kəmərə mane olmaq üçün ən kəskin addımlar atmağa belə hazır idi.


"Rusiyanı yalnız bir məsələ narahat edir və maraqlı tərəflər onu Rusiyanın iştirakı olmadan həyata keçirə bilər - Xəzərin altı ilə boru kəmərlərinin çəkilməsi Rusiyanı Mərkəzi Asiyadan karbohidrogenlərin tranziti üzərində nəzarətdən məhrum edər və Rusiya büdcəsini dolduran Avropa Birliyi (AB) energetika bazarına yeni rəqiblər çıxara bilər. Moskva başlıca təhlükə kimi Türkmənistandan Azərbaycana çəkiləcək Transxəzər qaz kəmərinin layihəsini görür, bu kəmərin türkmən qazını AB tərəfindən lobbiləşdirilən "Nabucco" qaz kəmərinə çatdırması nəzərdə tutulur",- deyə 2010-cu ilin noyabr ayında Rusiyanın "Kommersant" qəzeti həmin günlərdə Bakıda keçirilən Xəzər sammitini şərh edərkən yazmışdı. "Moskva bu nifrət etdiyi boruya qarşı istənilən vasitə ilə mübarizə aparmağa hazırdır",- deyə qəzet əlavə etmişdi.


"Kommersant"ın həmin vaxt yazdığına görə, Rusiya bu məsələdə hərbi gücə də əl ata bilər: "Ümumiyyətlə, əgər iqtisadi, hüquqi və ekoloji arqumentlər işə yaramazsa, Moskvanın hərbi arqumentləri kəskin həddə qalxa bilər". Rusiya liderləri son günlərdə də bu mövqedə idilər və prezident Dmitri Medvedev oktyabrın ortalarında hüquqi məsələni önə çəkmişdi: "Bu, yetərincə mürəkkəb məsələdir, özü də birbaşa Xəzərin daxili dəniz kimi statusundan asılıdır və Xəzər sammitinə daxil olan bütün dövlətlərin mövqeyinin razılaşdırılmasını tələb edir".


Rusiya lideri bu mövqeyini dekabrın üçüncü on günlüyündə Türkmənistan lideri Qurbanqulu Berdımuhammedovla görüşündə də təkrarlamışdı.


Beləliklə, Türkiyə və Azərbaycan bu addımı atmaqla "Nabucco" layihəsini arxa plana keçirdi və bununla da Rusiyadan gələ biləcək mümkün təhlükələri də bəri başdan zərərsizləşdirdi. Az keçmədi, Ankara Rusiyanı tam arxayın etmək üçün növbəti addımı da atdı və dekabrın 28-də Rusiyaya Türkiyə iqtisadi zonasında yerləşəcək "Cənub axını" qaz kəmərini tikməyə yekun icazəni təqdim etdi. Ankaranın bu addımı Avropa Komissiyası (AK) tərəfindən dəstəklənir. AK energetika komissarı Günter Ottinger bir az əvvəl də Azərbaycanla Türkiyə arasında qaz sazişinin bağlanmasını dəstəkləmişdi: "Amma bu, yetərli deyil, biz Azərbaycanla Avropanı birləşdirən boru kəməri görmək istəyirik",- deyə vurğulayan Günter Ottinger Transanadolu Qaz Kəmərinə bəri başdan öz xeyir-duasını vermişdi.


Lakin Ankaranın əldə etdiyi faydalar təkcə Moskva ilə münasibətlərini möhkəmlətməklə qalmadı. "Türkiyənin əsas mənfəəti siyasi baxımdan oldu və "Cənub axını" ilə Avropaya yönəlməsi ehtimal edilən 63 milyard kubmetr Rusiya qazı, həmçinin 10 milyard kubmetr Azərbaycan qazı üzərində tranzit nəzarəti əldə etdi. Bu, Avrasiya məkanında Türkiyənin siyasi nüfuzunu xeyli artırdı. Türkiyə iqtisadi baxımdan da böyük uğurlar əldə etdi, çünki Trans Anadolu xəttindən 6 milyard kubmetr qaz ala biləcək",- deyə energetika analitiki Aida Sultanova ANS PRESS-ə bildirib.


Azərbaycanın Türkiyə ilə qaz sazişini ləngitməsi və bununla da "Nabucco" layihəsinin gerçəkləşməsinə mane olması həm də Türkiyəyə başqa bir ağrılı məsələdə - Kərkük məsələsində yardım etdi. Məsələ burasındadır ki, "Nabucco" ideyasının əsas müəlliflərindən biri - Avstriyanın "OMV" şirkəti Türkmənistanın yerinə layihəyə İraq, daha dəqiqi isə Kərkük qazını daxil etmişdi. "OMV" rəhbərliyi bunun üçün hətta Ərbilə gedərək Şimali İraq kürd muxtar bölgəsinin rəhbəri Məsud Bərzani ilə danışıqlar da aparırdı və hətta saziş də bağlamışdı. Həmin vaxt Bərzani aşirəti ABŞ ordusunun dəstəyindən istifadə edərək neft və qazla zəngin Kərkükü öz idarəçiliyi altına salmaq istəyirdi. Lakin Türkiyənin təzyiqi ilə məsələ təxirə salındı və bu məsələdə Avropa dövlətlərinin də Türkiyəyə dəstəyi oldu. Ankara tarixən əhalisinin böyük əksəriyyəti türklər olan Kərkükün hüquqi müstəvidə kürd nəzarətinə verilməsini qəbul edə bilməzdi. Çünki, ABŞ əsgərləri ilə yanaşı PKK yaraqlılarının gücünə arxalanan Ərbil rejimi çox böyük maliyyə qaynağı əldə etmiş olardı. Əgər "Nabucco" layihəsi gerçəkləşsə idi, Avropa ölkələri istər-istəməz Ərbil rejiminə dəstək verə bilərdi. Hazırda isə belə qorxu yoxdur, Bərzani aşirətinin ən böyük dəstəkçisi olan ABŞ ordusu bölgəni tərk edir, Kərkük isə hüquqi olaraq İraqın mərkəzi hakimiyyətinə tabe olan müstəqil bir vilayət olaraq qalır. Yəni "Nabukko"ya qoşulmaq istəyən şirkət indi sazişləri mərkəzi Bağdad hökuməti ilə bağlamalıdır.


Azərbaycan hakimiyytinin bu məsələdə Türkiyəyə qeyri-rəsmi dəstək verməsi, təbii ki, öncə Ankaraya olan qardaşlıq duyğusundan qaynaqlanır. Amma rəsmi Bakının öz marağı da var idi - muxtar bölgə olan İraq Kürdüstanının yalnız müstəqil dövlətlərin imzalamağa hüququ çatan sazişlərə siyasi təminat verməsi Helsinki prinsiplərinin pozulması sayıla bilərdi. 1984-cü ildə BMT tərəfindən qəbul edilmiş konvensiyaya görə, federasiyanın bərabər hüquqlu üzvü olmayan muxtar bölgə heç zaman özbaşına müstəqil ola bilməz. İraq Kürdüstanının öz başına müstəqil dövlət kimi hərəkət edə bilməsi Dağlıq Qarabağ münaqişəsi baxımından da arzuedilməz presedentə çevrilə bilərdi. Təsadüfi deyil ki, İraq Kürdüstanının "Nabucco"ya qoşulmaq istəyi erməni KİV-ləri tərəfindən geniş işıqlandırılırdı.


Təbii ki, rəsmi Bakı ilkin dəyəri 5 milyard dollar olan bir kəmərin xərcinin ən azı 80 faizini çəkməlidir, çünki layihədə iştirak payı elə bu qədərdir. İlk baxışdan 4 milyard dollar sərmayə böyük görünə bilər. Amma Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın fikrincə, rəsmi Bakı həmin vəsaiti yatırmaqla çox uğurlu bir sərmayə layihəsinə imza atmış olar: "Təsəvvür edin ki, bu sərmayə 40 il müddətinə yatırılır, bu, ilə 100 milyon dollar edir. Əslində isə, Bakının layihədən əldə edəcəyi gəlirlər dəfələrlə çox olacaq. "Bakı-Tiflis-Ceyhan" neft kəməri layihəsinə Azərbaycan cəmi 250 milyon dollar vəsait yatırıb, amma hazırda ildə 200 milyon dollara yaxın vəsait götürür", - deyə İlham Şaban vurğulayır.


Həmçinin Türkiyəyə veriləcək 6 milyard kubmetr qazın 1,8 milyard kubmetri ARDNŞ-in bölməsi olan "SOCAR-Turqaz" tərəfindən satılacaq. Bundan əlavə, "SOCAR-Turqaz" İzmirdə qayzpaylayıcı şəbəkəyə xidmət göstərmək niyyətindədir. Transanadolu qaz kəməri şirkətə yaxın gələcəkdə Bolqarıstanın qaz paylayıcı şəbəkəsinə də daxil olmağa imkan verəcək.


Transanadolu Qaz Kəmərinin Mərkəzi Avropaya qədər qalan hissəsini isə "Şahdəniz" səhmdarları davam etdirmək niyyətindədir. Layihənin operatoru "BP-Azərbaycan"a yaxın mənbənin verdiyi məlumata görə, bu ilin sentyabr ayında "BP" digər səhmdarlara "Şahdəniz" yatağından əldə edilən qazı Şərqi Avropa bazarına çıxarmaq üçün Bolqarıstan, Rumıniya, Macarıstan və Xorvatiya qaz şəbəkələrini birləşdirən boru kəmərləri çəkmək təklifi ilə çıxış etmişdi. Şirkətin marketinq araşdırmaları bu ölkələrin bazarında ildə 10 milyard qaz satmağı mümkün sayır.


Şahin Abasov, SİA-nın Almaniyadakı xüsusi müxbiri

Bütün xəbərlər Facebook səhifəmizdə