2011-ci ilin 11 ayında Azərbaycanda 6,1 milyardlıq tikinti-quraşdırma işləri görülüb

2011-ci ilin 11 ayında Azərbaycanda 6,1 milyardlıq tikinti-quraşdırma işləri görülüb

Bu ilin 11 ayında iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 10 milyard manat məbləğində vəsait yönəldilmiş, 6,1 milyard manatlıq tikinti-quraşdırma işləri görülüb.


Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin məbləği 28,3 faiz, o cümlədən tikinti-quraşdırma işlərinin aparılmasına sərf edilmiş vəsait 18,5 faiz artıb. Məhsul istehsalı obyektlərinin inşasının aparılmasına investisiyanın 47,1 faizi, yaxud 4,7 milyard manat sərf olunub.


İlin əvvəlindən ümumi sahəsi 1 milyon 579,8 min kvadratmetrə bərabər yaşayış evləri, 10 min 988 yerlik ümumtəhsil məktəb binaları, 99 çarpayılıq xəstəxana, növbədə 80 nəfərə xidmət etməyə imkan verən ambulator-poliklinika müəssisəsi, 260 yerlik məktəbəqədər uşaq müəssisəsi, 140 yerlik klub, Bakı şəhərində metronun "Dərnəgül" stansiyası, müalicə-diaqnostika mərkəzi, "Kempinski Badamdar" hotel kompleksi, Gəncədə fiziki qüsurlu insanlar üçün regional informasiya mərkəzi, Tovuz rayonunda süd emalı zavodu və Olimpiya İdman Kompleksi, Abşeron rayonunda mebel fabriki və AZDMF zavodu, Astara rayonunda qaz-kompressor stansiyası, Naftalan şəhərində "Çinar Hotel" kompleksi və "Qaşaltı" sanatoriyası, Ağcabədi rayonunda süd emalı zavodu, süd məhsulları kombinatı və şahmat məktəbi sakinlərin ixtiyarına verilib.


Eyni zamanda, İmişli rayonunda yem fabriki, bitki yağları fabriki və Olimpiya İdman Kompleksi, Xızı rayonunda müalicə-diaqnostika mərkəzi, Qobustan rayonunda eksperimental poliqon və tədris mərkəzi, Quba rayonunda şahmat məktəbi, Xaçmaz rayonunda kondensator zavodu və şahmat məktəbi, Ağsu rayonunda çörək, şirə və şərab emalı zavodları, stadion, Ağdaş rayonunda Ağdaş-Ləki avtomobil yolu, Ucar rayonunda şahmat məktəbi, Qəbələ rayonunda Beynəlxalq aeroport, Olimpiya İdman Kompleksi, limonad zavodu, "Qafqaz Sport Hotel" mehmanxanası, Şəki rayonunda şərab zavodu və "Green Hill İnn" mehmanxanası, Qax rayonunda avtovağzal kompleksi, "El Resort" mehmanxanası, Oğuz rayonunda qarğıdalı emalı zavodu və qlükoza istehsalı müəssisəsi və digər obyektlər istismara verilib.


İnşasına əvvəlki illərdə və cari ildə başlanmış obyektlərin tikintisinin davam etdirilməsi üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin 3 milyard 940,6 milyon manatından istifadə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə