Bakı-Tiflis-Qars dəmiryolunda tikinti işləri 2013-cü ildə başa çatacaq

Bakı-Tiflis-Qars dəmiryolunda tikinti işləri 2013-cü ildə başa çatacaq
Bakı-Tiflis-Qars dəmiryolunda ilk sınaq qatarı 2012-ci ilin sonlarında yola salınacaq. Sözügedən dəmir yol xəttində hazırda tikinti işləri sürətlə davam edir. Xəttin 2013-cü ilin ilk aylarında tam təhvil veriləcəyi gözlənilir. Bunu SİA-ya açıqlamasında Dövlət Dəmir Yolları QSC-nın mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyir. Qurum rəsmisinin sözlərinə görə, Bakı-Tiflis-Qars dəmir yolu xətti Azərbaycan üçün həm siyasi, həm iqtisadi, həm də strateji baхımdan böyük bir əhəmiyyət daşıyır. Yeni çəkilən dəmiryolu vasitəsi ilə Azərbaycan beynəlхalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş əldə edəcək. "Dəmiryolu ilə bir günə Qarsa və iki gün yarıma İstanbula getmək mümkün olacaq. Bakı-Tbilisi-Qars dəmiryolu Bakı-Tiblisi-Ceyhan boru xəttindən sonra Azərbaycanın regionda ən cox gəlir əldə edəcəyi bir layihədir. Belə ki, Azərbaycanın ilk illərdə tranzitdən minimal illik gəliri 50 mln. dollar təşkil edəcək". Nadir Əzməmmədov deyir ki, ayrılan vəsait hesabına Gürcüstan ərazisində 30 km uzunluğunda yeni yol, Türkiyə ilə sərhəddə təkərdəyişmə məntəqəsi tikiləcək, həmçinin köhnə yol rekonstruksiya olunacaq. "Azərbaycan yolun Gürcüstan ərazisinə düşən hissəsinin tikintisi üçün Gürcüstana güzəştli şərtlərlə illik 1%-lə 25 illiyə 200 mln. ABŞ dolları məbləğində kredit ayırıb. Axalkalakidən Türkiyə sərhədinə olan hissədə tikiləcək tunelin istiqamətinin dəyişdirilməsi və Marabda-Axalkalaki sahəsində 160 km-lik mövcud dəmir yolunun reabilitasiya və rekonstruksiya olunması üçün Azərbaycan Gürcüstana 25 il müddətinə, illik 5%-lə 575 mln. dollar həcmində əlavə vəsait ayırıb". Layihənin Türkiyə hissəsində aparılan işlərdən danışan Nadir Əzməmmədov deyir ki, hazırda Türkiyə dövləti tərəfindən inşa edilən tikinti işləri yeni çəkilən dəmir yolları xəttinin Bosfor boğazının altından keçən hissəsində aparılır. Qeyd edək ki, Bakı-Tiflis-Qars layihəsi Azərbaycanın paytaxtı Bakıdan başlamalıdır. Gürcüstanın Tiflis və Axalkələk şəhərlərindən keçərək Qarsa qədər davam edəcək layihənin Azərbaycan hissəsinin tikintisi 2012-2014-cü illərin dövlət praqramına salınıb. Ölkəmizin ərazisidən keçən xətlərin artıq bir hissəsi əsaslı təmir edilib. Xatırladaq ki, Bakı-Tiflis-Qars dəmir yolu layəsinin təməli 2007-ci ilin noyabrın 21-də Gürcüstanın Marabda kəndində qoyulub. Hər üç ölkənin – Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin iştirakı ilə açılış mərasimi keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə