Tikinti materialları bazarında son vəziyyət

Tikinti materialları bazarında son vəziyyət

Oktyabr ayında "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyi tərəfindən Bakı şəhərinin müxtəlif rayonları üzrə inşaat materialları bazarının əsas çəkisini təşkil edən 38 adda 88 növdə tikinti materialının növbəti monitorinqi aparılıb.

Birlikdən SİA-ya verilən xəbərə görə, ötən ayda olduğu kimi, oktyabr ayında da tikinti materialları bazarında istər aktivlik, istər qiymət baxımından artım müşahidə edilib. Cüzi də olsa müşahidə edilən qiymət artımı əsasən dəmir məmulatlarında qeydə alınıb. Ən çox qiymət azalması isə Rusiyada idxal edilən taxta materiallarında baş verib. Belə ki, avqust ayında ən pik həddinə çatan (1 kubu 280 azn) rəndələnməmiş şam ağacından istehsal edilən taxtanın 1 kubu sentyabr ayında 260 manatadək, oktyabrda isə daha 11,5 % azalaraq 230 manat səviyyəsində qərarlaşıb. Sahibkarlar bunu idxal edilən taxtanın bolluğu ilə əlaqələndiriblər. Qiymət artması müşahidə edilən tikinti materialları siyahısı aşağıdakı kimi olub:

DSP

+1,6

Dəmir boru

+3,2

DVP

+0,2

Dəmir təbəqə

+2,2

Armatur

+1,2

Sink təbəqə

+2,9

Künyə

+5,5

Katinka

+2,3

Şveller

+4,7

Qiymət azalması müşahidə edilən tikinti materiallarının siyahısı isə aşağıdakı kimi olub:

Taxta

-11,5

İzolyasiya

-1,2

Şüşə

-3,8

Dikt

-1,6

Laminat-parket

-0,3

Elektrod

-3,6

Digər tikinti materialları üzrə qiymətlər sabit qalıb.

2011-ci ilin oktyabr ayında müşahidə edilən bahalaşmanın orta qiymət göstəricisi ötən ayla müqayisədə 0,58% təşkil edib. İlin əvvəli ilə müqayisədə bu qiymət fərqi 19,4%, ötən rübün müvafiq dövrü ilə müqayisədə 1,6% artımla qeydə alınıb. 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə isə qiymət artımı 22,8% təşkil edib.

Araşdırılan məhsullar üzrə respublikamızda istehsal olunan məhsulların bazardakı həcmi, ötən ayla müqayisədə, idxal məhsullarını 1,04% üstələyərək 51% olub.

Tikinti materialları bazarında son 3 rübdəki proseslərin təhlili bir çox mətləblərə aydınlıq gətirib. Əvvəla qeyd edək ki, bu müddət ərzində müşahidə edilən aktivlik dünya maliyyə böhranından əvvəlki dövrdəki həddə çatmasa da, ümumilikdə bazar canlanma və qiymət artımı ilə yadda qaldı. Bu müddət ərzində idxal edilən məhsullar üzrə tikinti materialları qiymətinin bahalaşmasına dünya bazarında enerji daşıyıcılarının davamlı şəkildə artması, ölkədə tikinti işlərinin sürətlənməsi, əmlak bazarına yönəldilən investisiyaların həcminin çoxalması da təsirsiz ötüşmədi. Yerli istehsalın artımı, alternativ tikinti materiallarının idxal məhsullarını sıxışdırması və mövsümi amillərin daşınmaz əmlak bazarına təsirini nəzərə alsaq, növbəti aylarda da inşaat materialları bazarında qiymətlərin artan dinamikasını proqnozlaşdırmaq mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə