“Azərikimya” İB Moskva Dövlət Universitetinin Bakı filialı ilə əməkdaşlığa başladı

“Azərikimya” İB Moskva Dövlət Universitetinin Bakı filialı ilə əməkdaşlığa başladı

ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyi respublikamızın kimyaçı kadrlar hazırlayan ali təhsil müəssisələri ilə sıx əlaqələr qurub. SİA-nın xəbərinə görə, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası və Qafqaz Universiteti ilə əməkdaşlığı uğurla davam etdirən, bir neçə aylıq istehsalat təcrübəsindən sonra artıq onların bir qrup məzununu işə götürüb "Azərikimya" daha bir nüfuzlu universitetlə - Moskva Dövlət Universitetinin Bakı filialı ilə də qarşılıqlı faydalı əməkdaşlığın təməlini qoyub.

Filialın kimya fakültəsinin müəllim və tələbələri ilə bugünlərdə keçiriən görüş zamanı Azərbaycanın kimya müəssisələrində çalışacaq gələcək mühəndislərin iki həftə ərzində "Azərikimya"nın əsas istehsalat sahələrində keçəcəkləri təcrübə ətrafında müzakirələr aparılıb. Gənc kimyaçılara əməyinin mühafizəsi, texniki təhlükəsizlik qaydaları haqda ətraflı məlumat verilib. Birliyin gələcək inkişafı, böyük perspektivi barədə tələbələrdə dolğun təsəvvür yaratmaq üçün yaxın illərdə burada yeni yaradılacaq zavodların, istehsalat sahələri və texnoloji qurğuların layihələri slaydlar şəklində nümayiş etdirilib. Slayd və informasiyalar gələcək mütəxəssislərin böyük marağına səbəb olub. MDU-nun Bakı filialının tələbələrinin "Azərikimya" İB-nin müəssisələrində istehsalat təcrübəsi sentyabr ayının ortalarınadək davam edəcəkdir.

Xatırladaq ki, "Azərikimya" İB artıq bir ilə yaxındır, mütərəqqi texnologiyalar əsasında qurulacaq yeni müəssisə və istehsalat sahələrində uğurla çalışa biləcək istedadlı gənc kimyaçıların seçimini həyata keçirir.

Bütün xəbərlər Facebook səhifəmizdə