Azercell Telekom Avroviziya-2012 mahnı müsabiqəsinin əsas tərəfdaşı oldu
Bu gün Avropa Yayım İttifaqı (AYİ) Azərbaycanın ən böyük mobil rabitə operatoru və "TeliaSonera" Qrupunun üzvü olan Azercell Telekom şirkətini Bakıda keçiriləcək Avroviziya 2012 Mahnı Müsabiqəsinin Əsas tərəfdaşı elan etdi. SİA-nın xəbərinə görə, müsabiqənin üç əsas hissəsi – 22 və 24 may tarixlərindəki yarım final mərhələləri və 26 may tarixinə təyin edilmiş final mərhələsi Azərbaycanın ictimai yayım şirkəti olan "İctimai TV" vasitəsilə televiziyada canlı yayımlanacaqdır.
Azərbaycanın mobil rabitə bazarında 55 faizdən artıq paya sahib olan Azercell Telekom, ölkənin ən böyük mobil operatorudur. Şirkət yeni texnologiyaları tətbiq edən, geniş çeşidli məhsul və xidmətləri təqdim edən və Azərbaycanda mobil rabitə sahəsində tendensiyaları formalaşdıran qurum kimi tanınır. Azercell Telekom Skandinaviya və Baltikyanı ölkələrdə, İspaniyada və Avrasiyanın formalaşan bazarlarında, Rusiyada və Türkiyədə fəaliyyət göstərən Avropanın beşinci ən böyük telekommunikasiya şirkəti olan "TeliaSonera"-nın bir hissəsidir. Qeyd edək ki, "TeliaSonera" Helsinkidə 2007-ci ildə keçirilmiş Avroviziya Mahnı Müsabiqəsinin Əsas tərəfdaşı olmuşdur.
2012-ci ildə Avroviziya Mahnı Müsahibəsinin Əsas tərəfdaşı olan Azercell-ə Azərbaycanda keçiriləcək tədbirləri işıqlandırmaq məqsədilə eksklüziv media hüquqları verilib.
"Eurovision TV"-nin direktor vəzifəsini icra edən Yorqen Frank bildirib: "Biz artıq bu mərhələdə Avropanın sevimli TV şousuna böyük maraq göstərən Azercell-in müsabiqədə Əsas Tərəfdaş kimi çıxış etməsindən çox məmnunuq."
Azercell Telekom MMC-nin Prezidenti Ali Ağan isə öz növbəsində bunalrı qeyd edib: "Biz Bakıda Avroviziya 2012 Mahnı Müsabiqəsinin Əsas tərəfdaşı olmaqdan qürur duyuruq. Azercell hər zaman Azərbaycanın dünyada tanıdılmasına xüsusi əhəmiyyət verib və Avroviziya müsabiqəsi bunu bir daha etmək üçün hamımız üçün gözəl fürsətdir. Biz Bakıda keçiriləcək Avroviziya Mahnı Müsabiqəsinin bir hissəsi olmağımızla fəxr edirik və bu sevinci 2012-ci ildə ölkəmizlə bölüşməyə hazırıq".
Avroviziya Mahnı Müsabiqəsi üçün Avropa Yayım İttifaqının hazırladığı beynəlxalq kommersiya və marketinq platformasının bir hissəsi olan saziş İsveçrənin Lusern şəhərində yerləşən T.E.A.M. (Televiziya Tədbirləri və Media Marketinqi AG) şirkəti ilə razılaşdırılmışdır. Bu şirkət 2004-cü ildən etibarən Avroviziya Mahnı Müsabiqəsinin kommersiya hüquqlarına malik dünya miqyaslı eksklüziv marketinq agentliyidir.
Başlanğıc tarixi 1956-ci ilə təsadüf edən Avropaviziya Mahnı Müsabiqəsinin zəngin ənənələri və irsi var. O televiziya kanalları və Avroviziya peyk şəbəkəsi vasitəsi ilə birbaşa yayımlanan ən populyar canlı televiziya proqramlarından biridir. Müsabiqənin üç əsas şousu- iki yarımfinal və yekun final konserti, Avropada və onun hüdudlarından kənarda yaşayan 100 milyondan artıq tamaşaçını cəlb edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB