Dondurma bazarında son vəzliyyət

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ev 25 ünvanında \"Qələbə\" Əlillər Cəmiyyətinə məxsus istehsal sahəsində aparılan yoxlama zamanı südlü dondurmaların müvafiq gigiyenik və uyğunluq sertifikatları olmadan istehsal edildiyi, dondurmaların etiketində məhsulun istehsalında istinad olunan normativ sənədin nömrəsinin göstərilmədiyi və məhsulun tərkibi haqqında yanlış məlumat verildiyi, habelə istehsal edilən məhsulların keyfiyyət və təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi üçün müvafiq laboratoriyanın olmadığı və dondurmaların laborator müayinədən keçirilmədən satışa çıxarıldığı müəyyən olunub. SİA-nın xəbərinə görə, müəssisədə istehsal edilən hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib.

Qanun pozuntuları ilə əlaqədar dondurma istehsalının, habelə yoxlama zamanı aşkar edilib dondurmaların satışının dayandırılması və müəssisə tərəfindən ticarət şəbəkəsinə paylanmış həmin məhsulların geri yığılması barədə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən \"Qələbə\" Əlillər Cəmiyyətinin rəhbərliyinə icrası məcburi göstəriş verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə