İstehsalçı şirkətlərlə görüş keçirilib

İstehsalçı şirkətlərlə görüş keçirilib

Məlum olduğu kimi, cari ilin iyul ayının 12-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin I yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş iclasda yerli məhsullardan istifadə imkanlarının daha da artırılması ilə bağlı İqtisadi İnkişaf Nazirliyinə tapşırıqlar verilib. SİA-nın qurumun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarından irəli gələn vəzifələrin vaxtında və yüksək səviyyədə həyata keçirilməsi ilə bağlı ilkin olaraq iyulun 19-da Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və rəqabətqabilliyyətli sənaye məhsulu istehsal edən 100-dən artıq müəssisənin nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

Tədbirdə çıxış edən iqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatının davamlı inkişaf etdiyini, iqtisadiyyatın diversifikasiyasının uğurla həyata keçirildiyini, rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının həcminin artdığını qeyd edib. Bildirilib ki, 2011-ci ilin birinci yarısında ÜDM 0,9%, qeyri-neft sektoru 7,2%, kənd təsərrüfatı 6,2%, rabitə və informasiya 14,4% artmışdır. Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda xarici ticarət dövriyyəsinin həcmi 17,43 mlrd. ABŞ dolları, o cümlədən idxalın həcmi 4,34 mlrd. ABŞ dolları, ixracın həcmi isə 13,09 mlrd. ABŞ dolları təşkil etmişdir. Bu dövrdə qeyri-neft ixracı 43% artıb. Bu gün Azərbaycanda istehsal edilən qeyri-neft məhsulları - elektrik maşınları və avadanlıqları, onların hissələri, kimya sənayesi məhsulları, qida məhsulları, o cümlədən meyvə-tərəvəz, pambıq, şəkər və ondan hazırlanan məmulatlar, hazır toxuculuq məmulatları və s. müxtəlif ölkələrə ixrac edilir. Azərbaycanda istehsal olunan məhsul və avadanlıqların ixrac edilməsi onu deməyə əsas verir ki, ölkəmizdə dünya standartlarına uyğun, yüksək keyfiyyətli məhsul istehsal edən müəssisələr mövcuddur və onların sayı davamlı olaraq artır. Şahin Mustafayev qeyd edib ki, Nazirlər Kabinetinin iclasında verilmiş tapşırıqlara uyğun olaraq, bu məhsul və avadanlıqlardan Azərbaycanda həyata keçirilən investisiya layihələrində geniş istifadə edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçiriləcək. Bununla əlaqədar, istehsalçı müəssisələr və potensial alıcılar arasında görüşün keçirilməsi də nəzərdə tutulur.

Tədbirdə qeyd edilib ki, İqtisadi İnkişaf Nazirliyi tərəfindən rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələr haqqında yeni kataloqun hazırlanması və Nazirliyin internet səhifəsində yerləşdirilməsi, həmçinin müxtəlif tədbirlərdə təqdim edilməsi nəzərdə tutulur. Kataloqun hazırlanması üçün istehsalçı şirkətlər istehsal etdikləri məhsul və avadanlıqlar, onların istehsal həcmi, məhsulların texniki göstəriciləri haqqında məlumatları İqtisadi İnkişaf Nazirliyinə təqdim etməlidirlər. Qeyd edilib ki, istehsalçı müəssisələr tərəfindən hazırlanacaq bu məlumatlar növbəti görüşdə potensial alıcılara da təqdim ediləcək.

Tədbirdə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev istehsal müəssisələri arasında əlaqələrin genişləndirilməsi istiqamətində görülmüş işlərdən, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti Adil Məmmədov ölkəmizdə istehsal edilən müasir texnologiyalara əsaslanan məhsul və avadanlıqların təbliğ olunması sahəsində həyata keçirilən tədbirlərdən bəhs etmiş, İqtisadi İnkişaf Nazirliyinin Dövlət investisiyaları şöbəsinin müdiri Kamal Hacıyev dövlət satınalmaları haqqında, Müdafiə Sənayesi Nazirliyinin şöbə müdiri Vəli Fətəliyev isə nazirliyin müəssisələri tərəfindən istehsal edilən mülki təyinatlı məhsullar barədə məlumat verib.

Tədbirdə çıxış edən \"Azərkimya\" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev, \"Azenko\" şirkətinin İdarə Heyəti sədrinin müavini Zaur Məmmədov, \"Bakı Tikiş Fabriki\" ASC-nin direktoru Fədai Rəhimov, Gəncə Avtomobil Zavodunun direktoru Kamran Nəzərov, \"ATEF Elektromaş\" ASC-nin İdarə Heyətinin sədri Talıb Əlixanbəyov,\"Mətanət A\" şirkətinin prezidenti Elxan Bəşirli təmsil etdikləri müəssisələrin fəaliyyəti və istehsal etdikləri məhsullar barədə məlumat vermiş, müxtəlif təkliflər irəli sürüblər.

Tədbirdə həmçinin, istehsal müəssisələrinin əlaqələrinin daha da genişləndirilməsi, rəqabətqabiliyyətli məhsulistehsal edən şirkətlər haqqında yeni kataloqun hazırlanması və s. məsələlər müzakirə edilmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə