Yenidənqurma işləri aparılır
Paylayıcı elektrik şəbəkəsi sisteminin dayanıqlığının möhkəmləndirilməsi və istehlakçıların keyfiyyətli şəkildə elektrik enerjisi ilə təchiz edilməsi istiqamətində ayrı-ayrı şəbəkələrdə geniş tərkibli tədbirlər planı hazırlanıb həyata keçirilib və bu istiqamətdə işlər durmadan davam etdirilir. Bu da öz növbəsində enerji daşıyıcıların texniki vəziyyətinin daha da keyfiyyətli və dayanıqlı olmasına gətirib çıxarır. SİA-nın \"Azərenerji\"-nin rəsmi internet səhifəsinə istinadən verdiyi məlumata görə, həmişə olduğu kimi cari ildə də müəssisənin xidməti ərazisində təmir-bərpa işləri vaxtlı-vaxtında həyata keçirilir və aparılan məqsədyönlü tədbirlər də artıq öz bəhrəsini verməkdədir.
"Ağsu" EŞ-dən "Azərenerji" ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda belə qeyd edilir. Mənbənin bildirdiyinə görə, təmir – bərpa işləri ilə yanaşı istehlak olunan elektrik enerjisinin haqqının tam şəkildə ödənilməsi də daim diqqət mərkəzindədir. Enerjinin haqqının ödənilməsi sahəsində vəziyyət normaldır. Belə ki, bu ilin yanvar ayında ümumi yığım faizi 84 faiz, fevralda 94 faiz, mart ayında 74,2, apreldə isə ötən ayların debitor borcu da nəzərə alınmaqla 107,4 faiz olub. Ümumilikdə dörd aylıq yığımın nəticəsi 87,8 faiz təşkil edib.
Mənbədən onu da bildirdilər ki, əvvəllər plansız şəkildə çəkilmiş 0,4 kV-lik xətlər həyətyanı sahələrdən, evlərin yaxınlığından keçir. Məhz belə ərazilərdə də sayğacdankənar şəbəkəyə qoşulmalar aşkar edilir. İstehlak olunmuş elektrik enerjisinin dəyərinin yığılmasında kənd yerlərində sayğacların həyətlərdən çıxarılaraq küçələrdə yerləşdirilməsinin çox böyük köməyi olub.
Qeyd edək ki, buna görə də həmin ərazilərdə həyətyanı sahələrdən keçən xətlər sökülərək kənara çıxarılır, həmçinin evlərdə olan sayğaclar da küçədə baxış üçün maneəsiz yerdə, xüsusi qutularda quraşdırılır.
Yeri gəlmişkən, bu işlərə aprel ayının əvvəlindən start verilib. 10 kV-lik \"Qaravəlli\" hava xəttindən qidalanan Qaravəlli və Məlikçobanlı kəndlərində bütün sayğaclar həyətlərdən çıxarılıb. Həmçinin 10 kV-lik "Ərəbmehdibəy" hava xəttinin üzərindəki Qasımbəyli və Ərəbmehdibəy kəndində həmin bu yenidənqurma işlər həyata keçirilib.
Sonda onu da qeyd edək ki, bu kimi tədbirlər mütəmadi olaraq rayonun bütün kəndlərini əhatə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə