Yayılmama üzrə Şəbəkənin qurulması: 12-ci Beynəlxalq İxrac Nəzarəti Konfransı” keçirilib

Yayılmama üzrə Şəbəkənin qurulması: 12-ci Beynəlxalq İxrac Nəzarəti Konfransı” keçirilib

24-26 may tarixlərində Sinqapurda "Yayılmama üzrə Şəbəkənin qurulması: 12-ci Beynəlxalq İxrac Nəzarəti Konfransı" keçirilib. SİA-nın Gömrük Komitesinin rəsmi inetrnet səhifəsinə istinadən verdiyi xəbərə görə ümumilikdə dünyanın 75 ölkəsindən 300-ə qədər nümayəndənin qatıldığı konfransda Azərbaycan tərəfindən Dövlət Gömrük Komitəsinin, Xarici İşlər, Sənaye və Energetika Nazirliklərinin nümayəndələri də iştirak etdib.

Azərbaycan nümayəndə heyətinin üzvü, DGK Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin baş inspektoru Daşqın Əliyev tədbir haqqında məlumat verərək bildirmişdir ki, konfransın gündəliyinə uyğun olaraq birinci gün ümumi təqdimat və müzakirələrə, ikinci gün ixrac nəzarətinin konkret sahələri üzrə qrup müzakirələrinə və sonuncu gün isə qrupların görüşünün nəticələrinə və yekun çıxışlara həsr olunub.

Konfransı ilk olaraq Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin Beynəlxalq Təhlükəsizlik və Yayılmama Bürosunun İxrac Nəzarəti üzrə Əməkdaşlıq ofisinin direktoru Justin Friedman salamlama nitqi ilə açılıb.

Daha sonra Almaniyanın İqtisadiyyat və İxrac Nəzarəti Federal Ofisinin baş direktoru Georg Pietsch və Sinqapur Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar şöbəsinin direktoru Lim Kheng Hua çıxış edərək qloballaşan dünyada sürətlə artan ticarət əlaqələrinin asanlaşdırılması sahəsində atılan addımlarla yanaşı, mövcud terror hədələrindən irəli gələn təhlükəsizlik faktorunun da son dərəcə vacib məsələ olması və bunun qarşısının alınması ilə bağlı beynəlxalq əməkdaşlığın, xüsusilə ixrac nəzarəti sahəsində səmərəli iş birliyinin rolunu vurğulayaraq keçirilən konfransın əhəmiyyətini qeyd ediblər.

Sonra konkret mövzular üzrə təqdimatlar nümayiş etdirilmiş, çıxışlar dinlənilib.

İlk olaraq Corcia Universitetinin Beynəlxalq Ticarət və Təhlükəsizlik Mərkəzinin professoru Johannes Karreth "Strateji Ticarətə Nəzarətin Qanuni Ticarətə Təsiri" mövzusunda təqdimatla çıxış edib. O, daxili ixrac nəzarəti sistemin tətbiqinin biznes subyektlərinə, xüsusilə kiçik şirkətlərə əlavə xərclər yaratdığı üçün səmərəli olmaması ilə bağlı bəzi fikirlərin düzgün olmadığını vurğulanıb. Bildirilmişdir ki, bu istiqamətdə aparılan elmi araşdırmalar onu göstərir ki, səbəb-nəticə kontekstindən çıxış etdikdə, bu cür daxili nəzarət sistemlərinin tətbiqi biznes subyektlərinin etibarlı tərəfdaş kimi nüfuzunu artırır və son nəticədə nəinki şirkətin fəaliyyətinə mənfi təsir göstərir, hətta onun ticarət əlaqələrinin həcminin daha da artmasına və qeyd olunan sistemin tətbiqinə sərf etdiyi xərcdən daha artıq gəlir əldə etməsinə imkan verir.

Sonra Adi silahlar, ikili təyinatlı mallar və texnologiyalar üzrə İxrac Nəzarəti üzrə Vassenar Razılaşması Katibliyinin başçısı səfir Sune Danielsson "Vassenar Razılaşması və Texnologiyaların qeyri-maddi transferi" mövzusunda nitq söyləyib. Natiq, dünyada ikili və hərbi təyinatlı malların yayılmasına qarşı mübarizə məqsədilə yaradılmış formal və qeyri-formal rejimlər barədə məlumat verərək bu rejimlər sistemində Vassenar Razılaşmasının yeri barədə danışmış, onun iş prinsipi, razılaşma çərçivəsində fəaliyyət göstərən işçi qruplar və müvafiq nəzarət siyahısı barədə konfrans iştirakçılarına məlumat verilib.

Sinqapur Gömrük Xidməti rəhbərinin baş müşaviri Teck Leong Limin "Hədələrə cavab və tranzitdə ətraflı yoxlama" mövzusunda nümayiş etdirdiyi təqdimatda Sinqapurun dünya ticarətində paylayıcı mərkəzlərdən biri kimi artan rolundan danışılmış, tranzit daşımaları ilə yenidənyükləmə (transshipment) əməliyyatlarının fərqli xüsusiyyətləri və bu fərqlilikdən irəli gələrək tətbiq olunan ixrac nəzarəti formalarının bir sıra aspektləri izah edilib.

D.Əliyev qeyd etmişdir ki, konfransın ikinci günü ixrac nəzarəti sahəsinin konkret sahələri üzrə qrup müzakirələrinə həsr olunmuşdur. Ümumilikdə, siyasət, lisenziyalaşdırma, sənaye, təhqiqat/araşdırma və sərhəddə hüquq-mühafizə olmaqla beş qrup müəyyən olunub. Xatırladaq ki, DGK Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin baş inspektoru Daşqın Əliyev Sərhəddə Hüquq-Mühafizə qrupunun iclasında iştirak edib, Xarici İşlər və Sənaye və Energetika Nazirliklərinin nümayəndələri isə müvafiq olaraq Siyasət Qrupu və İqtisadiyyat Qrupunun iclasına qatılıb.

Sərhəddə hüquq-hühafizə qrupunun iclası çərçivəsində Birləşmiş Krallığın Dövlət Gəlirləri və Gömrük Xidmətinin Yayılmamaya qarşı mübarizə sektorunun rəhbəri Aaron Dunne "Risklərin idarə edilməsi: yoxlama və zəifləmə", ABŞ Gömrük və Sərhəd Mühafizə Xidmətinin Texniki Yardım Bölməsinin əməkdaşı Jose Trinidad "Milli hədəf müəyyənləşdirmə mərkəzi: karqo", Honq Konq Ticarət və Sənayenin İnkişafı Nazirliyinin Strateji Ticarətə Nəzarət Bölməsinin rəhbəri Billy Au "Honkonqun strateji ticarətə nəzarət sistemində risk qiymətləndirilməsi", ATƏT-in Gömrük üzrə müşaviri Jonatan Trumble "Açıq və Təhlükəsiz sərhədlər", ABŞ Enerji Departamentinin Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının əməkdaşı xanım Debika Palb "MNTA-ixrac nəzarəti üzrə treninq" mövzularında çıxış ediblər.

Mövzular ətrafındakı çıxışlar əsasən ikili təyinatlı mallara səmərəli nəzarət, onların qanunsuz dövriyyəsinə qarşı mübarizə, ixrac nəzarətinə düşən malların eyniləşdirilməsi sahəsində gömrük əməkdaşlarının təlimi, qeyd olunan sferalarda milli təcrübə məsələlərini əhatə edib. Hər bir təqdimat üzrə konfrans iştirakçılarını maraqlandıran suallar təqdimatçılar tərəfindən cavablandırılıb.

Konfransın sonuncu günü yekunlaşdırma xarakteri daşıyaraq, yuxarıda qeyd olunan qrupların görüşləri çərçivəsində aparılmış müzakirələr, onların nəticələri barədə hesabatlara dair hər qrupun moderatorunun çıxışlarına əsaslandırılıb.

Konfransın sonunda iştirakçılara sertifikatlar verilib.

Konfrans çərçivəsində ABŞ Dövlət Departamentinin Beynəlxalq Təhlükəsizlik və Yayılmama Bürosunun İxrac Nəzarəti üzrə Əməkdaşlıq ofisinin direktoru Justin Friedman və Azərbaycan nümayəndə heyəti arasında ikitərəfli görüş keçirilib. Görüşdə İxrac Nəzarəti üzrə Əməkdaşlıq ofisinin yeni təyin olunmuş rəhbəri xanım Elizabeth Helen Rood da iştirak etmişdir. Bildirilib ki, Cənab Fridman növbəti ayın sonundan etibarən tutduğu vəzifəni xanım Elizabeth Helen Rooda təhvil verərək yeni vəzifəyə keçəcək və yeni vəzifəsinin səlahiyyətlərinə ixrac nəzarəti sahəsində Qafqaz regionu ölkələri ilə əməkdaşlıq da daxil olacaqdır. Bu səbəbdən yeni vəzifəsinin icrasına başladıqdan sonra regiona səfər edəcəyini qeyd edilib.

Daha sonra ixrac nəzarəti sahəsində əməkdaşlıq məsələlərinə toxunan cənab Fridman bu xüsusda Azərbaycan gömrük xidməti əməkdaşlarının İxrac Nəzarəti və Əlaqəli Sərhəd Təhlükəsizliyi Proqramı çərçivəsində ABŞ-da qatıldıqları təlim kurslarının əhəmiyyətini vurğulayıb.

Öz növbəsində Azərbaycan Nümayəndə heyəti tərəfindən, bu cür tədbirlərin müxtəlif dövlət orqanlarında çalışan əməkdaşların bilik və bacarıqlarının artırılmasında əhəmiyyətli rol oynadığı bildirilərək, konfransın keçirilməsi və burada iştirakla bağlı dəvətə görə minnətdarlıq ifadə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə