“COP29 Azərbaycanın mövqeyinin təbliği üçün mühümdür” - EKSPERT FİKRİ

“Bir çox hallarda iqlim dəyişmələri ilə bağlı olan məsələlərə öz dar siyasi və iqtisadi prizmasından yanaşan Qərb qruplaşmaları bu məsələdən şou yaratmağa çalışırlar. Nəticə etibarilə dünyanın siyasi, iqtisadi və sosial gündəmində bunun fəsadları çox ağır olur. Belə ki, elmi cəhətdən əsaslandırma olmadan, hesablamalar aparılmadan iqlim dəyişmələri problemi adı altında bir çox yanlış qərarlar qəbul olunur. Bu da həm enerji siyasəti, həm iqtisadiyyat, həm də bütövlükdə sosial mühitdə öz mənfi nəticələrini göstərir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Elşad Məmmədov deyib.

O bildirib ki, iqlim dəyişmələrinin elmi cəhətdən əsaslandırılmış səbəbləri araşdırılmalıdır: “Bununla yanaşı vacib olan amillərdən biri də odur ki, biz enerji daşıyıcılarına universal çıxış imkanlarına nail olmalıyıq. Yəni, bu gün dünyanın bir çox ölkələrində, xüsusilə Afrikada insanların adi enerji daşıyıcılarına çıxış imkanları ilə bağlı çox ciddi problemləri var ki, onlar nəticədə sosial fəlakətə səbəb ola bilər. Bu gün karbohidrogendən bəşəriyyət olaraq imtina etməyə hazır olub-olmamağımız sual doğurur. Bunun nəticələri ağır ola bilər. Buna görə də bu cür məsələlər dərindən araşdırılmalıdır. COP29 da ilk növbədə bu istiqamətə fokuslanmalıdır. Azərbaycanın isə sadalanan mövzularla bağlı kifayət qədər əsaslandırılmış fikirləri var. Dövlətimiz sözügedən məsələdə maksimum elmi olaraq təsdiqlənmiş mövqe nümayiş etdirir. COP29-un ölkəmizdə keçirilməsi Azərbaycanın əsaslandırılmış mövqeyinin daha geniş müstəvidə təbliği üçün müvafiq meydan kimi çıxış edə bilər”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə