"Qeyri-neft sektoru iqtisadi artımdakı dominant mövqeyini saxlayacaq" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycan Prezidentinin sədrliyi ilə keçirilən müşavirə bir daha təsdiq etdi ki, 2024-cü ilin geridə qalan aylarında Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadi artım tempini qoruyub saxlayır". Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar Bayramov deyib.

O bildirib ki, bir tərəfdən inklüzivlik artıb, digər tərəfdən iqtisadiyyatın dayanıqlılığı və davamlılığı təmin edilib: "Bu da 2024-cü ilin yekunları, eyni zamanda növbəti illər üçün daha nikbin proqnozların verilməsinə şərait yaradır.

Çox vacib məqamlardan biri də iqtisadi inkişafın qeyri-neft sektoru hesabına formalaşması və enerjidən kənar sektorların iqtisadiyyatda drayverə çevrilməsidir. Bu da nəticə etibarilə iqtisadi inkişafın dayanıqlığını təmin edən, eləcə də neftdən asılılığını aradan qaldırması istiqamətində islahatların nəticəsi kimi xarakterizə edilə bilər. Bütün bu məsələlər tam əminliklə deməyə əsas verir ki, iqtisadi inkişaf templəri həm bu ilin sonuna qədər saxlanılacaq, həm də, indi gələn ilin büdcəsi müzakirə olunur və büdcənin parametrləri də daha genişmiqyaslı olacaq. Gələn il də iqtisadi inkişaf templəri lazımi səviyyədə olacaq. Növbəti illər üçün də iqtisadi artım tempi qorunub saxlanacaq. 2025-ci ildə qeyri-neft sektorunda artım ümumi iqtisadi artımdan iki dəfə çox olacaq. Bu da ondan xəbər verir ki, növbəti ildə də qeyri-neft sektoru iqtisadi artımdakı dominant mövqeyini qoruyub saxlayacaq".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə