Mövcud monetar şərtlər inflyasiyanın hədəf diapazonu daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşdirilməsinə yönəlib. SİA-nın məlumatına görə Azərbaycan Mərkəzi Bankından bildirilib ki, mövcud şərtlərin dəyişməz qalacağı təqdirdə bu ilin sonuna və 2025-ci ildə illik inflyasiyanın hədəf daxilində (4±2 faiz) olacağı proqnozu sabit qalır.
Ötən iclasdan bəri inflyasiyanın risk balansında əhəmiyyətli dəyişikliklər baş verməyib. Tərəfdaş ölkələrdə inflyasiyanın və dünya bazarında əmtəə qiymətlərinin dəyişkənliyi başlıca xarici inflyasiya riski hesab olunmaqdadır. Aparıcı iqtisadiyyatlarda monetar şərait sərt olaraq qalır. Lakin dünyada inflyasiya təzyiqlərinin azalması şəraitində aparıcı ölkələrdə mərkəzi bankların faizləri tədricən azaldacağı ehtimalı yüksəlir. İnflyasiyanı artıra biləcək daxili risk faktorlarına isə xərc amillərinin aktivləşməsi, habelə büdcə xərclərinin artımı (cari ilin 8 ayında 8,3 faiz) və kredit qoyuluşlarının genişlənməsi vasitəsilə məcmu tələbin izafi artımı aiddir.
Qeyd edək ki, son 1 il ərzində bank sisteminin kredit portfeli 19,5 faiz, o cümlədən biznes kredit portfeli isə 18,4 faiz artıb.
Bütün xəbərlər Facebook səhifəmizdə