Köhnə avtomobillər dövriyyədən necə çıxarılacaq? - İQTİSADÇI DANIŞDI

“Keçmiş Sovet ölkələrində, xüsusən də, Azərbaycanda avtomobil xüsusi qiymətli əmlak hesab olunur. Ona görə də insanlar köhnə avtomobillərdən hələ də asanlıqla əl çəkmir. Köhnə avtomobildən maksimum dərəcədə faydalanmağa çalışır. Təsadüfi deyil ki, hazırda ölkəmizdə olan avtomobillərin çox hissəsi 20-30 il istismarda olan maşınlardır. Bölgələrdə hətta 50-60 yaşlı avtomobillərə də rast gəlinir. Bu da bizlərdə avtomobilə xüsusi önəm verilməsindən qaynaqlanan haldır”. Bu sözləri SİA-ya danışan iqtisadçı Fuad İbrahimov deyib.

O bildirib ki, ölkəmizdə əhalinin çoxu şəxsi avtomobil həvəskarıdır: “İctimai nəqliyyat nə qədər əlçatan olsa belə, insanlar şəxsi avtomobillə gəzmək istəyir. Ona görə də heç kim köhnə avtomobildən əl çəkmir. Bəzən rast gəlinir ki, avtomobilin yaşı sənəddə 35-40 il göstərilsə də, baxırsan ki, təmirdən yenicə çıxıb. Bizdə təkcə avtomobilin banı yox, bütün hissələri asanlıqla və ucuz qiymətə dəyişdirilir. Bundan əlavə yeni avtomobillər kifayət qədər baha olduğu üçün bir çox insanlar köhnə avtomobilindən əl çəkmir”.

Ekspert hesab edir ki, məhz bu səbəbdən köhnə avtomobillərin dövriyyədən çıxarılması mental xüsusiyyətlər nəzərə alınmaqla həyata keçirilsə, daha yaxşı olar: “Elə edilməlidir ki, vətəndaş yeni avtomobil almaq üçün hansısa şəkildə imkan qazansın. Əks təqdirdə köhnə avtomobilləri dövriyyədən çıxarmaq çətin olacaq. Məsələnin inzibati yolla həlli isə narazılıqlara səbəb olacaq.

Çalışmalıyıq ki, istismarçı lap 50 yaşı olan avtomobildən də gəlir əldə etsin. Yoxsa heç kim köhnə avtomobilini rahatlıqla utilizasiyaya verməyəcək. Son anda vətəndaş köhnə avtomobilini hissə-hissə satmaq istəyəcək. Yerdə qalan hissəsini isə “metallom”a verəcək. Bax, bu səbəbə görədir ki, Azərbaycan “avtomobil qəbiristanlığı” olmayan tək-tük ölkələrdəndir”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə