Günəş elektrik stansiyası üzrə ilk hərrac elanı

Energetika Nazirliyi Qobustan rayonunda 100 meqavat gücündə günəş elektrik stansiyasının layihələndirilməsi, maliyyələşdirilməsi, tikintisi və istismarı üzrə hərrac elan edib. Nazirlikdən SİA-ya bildirilib ki, yaşıl enerjidən istifadənin inkişafını prioritetləşdirən dövlət siyasətinə müvafiq olaraq keçirilən hərrac sahəyə özəl, o cümlədən xarici investisiyaların cəlb edilməsi məqsədini daşıyır. Açıq auksion formasında 2 mərhələdə həyata keçirilən hərrac elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər ən az 30 faizə çatdırılması ilə bağlı strateji hədəfə nail olunması, ölkəmizin COP29-a ev sahibliyi və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində reallaşdırılan tədbirlərdən biridir.

Qeyd edək ki, hərracda birinci mərhələ ixtisas uyğunluğunun müəyyənləşdirilməsidir və iştirak etmək istəyən şirkətlər cari il aprelin 10-dan etibarən auction@area.gov.az elektron poçt ünvanı vasitəsilə ixtisas uyğunluğunun müəyyənləşdirilməsi sənədini tələb etməlidirlər. Sənəd müraciət etmiş şirkətlərə mayın 7-dən başlayaraq təqdim ediləcək. Hərrac iştirakçıları ixtisas uyğunluğunun qiymətləndirilməsi ilə bağlı məlumatları iyunun 14-nə qədər təqdim etməlidirlər. Birinci mərhələ iyulun 12-də yekunlaşır.

Bütün xəbərlər Facebook səhifəmizdə