“Azərbaycan yaşıl enerjinin inkişafında öz səylərini artırır” - ŞƏRH EDİLDİ

“Azərbaycan yaşıl enerjinin inkişafında öz səylərini artırır” - ŞƏRH EDİLDİ

“Yaşıl iqtisadiyyat, yaşıl enerji tək Azərbaycan deyil, bütün dünya üçün çox vacibdir. Çünki hər il təxminən 1-1.5 dərəcə ümumi istilik artır, iqlimdə müəyyən dəyişikliklər olur. Bunun nəticəsində böyük fəlakətlər baş verir. Bu gün isə başda inkişaf etmiş ölkələr olmaqla, bütün dünya bu problemlərin həlli yolunu axtarır. Biz də həmin ölkələrlə əməkdaşlıq edirik. Lakin yaşıl enerjiyə keçmək kifayət qədər çətindir və ciddi maliyyə tələb edir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Rüfət Quliyev deyib.

Deputat bildirib ki, Azərbaycan yaşıl enerjinin inkişafında öz səylərini artırır: “Təxminən son bir ildə bu istiqamətdə mühüm addımlar atılıb, xarici investorların böyük marağı var. Azərbaycanda istər külək, istər dənizlə əlaqədar, istərsə də günəş enerjisi ilə bağlı layihələr keçirilir. Biz hər zaman istənilən beynəlxalq layihələrə qoşulduqda aktiv iştirak etməyə çalışırıq. COP29 tədbirinin ölkəmizdə keçirilməsi də bizim üçün olduqca maraqlıdır. Bu həm də Azərbaycan iqliminin müsbət formada irəliləməsi deməkdir.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşıl enerjini inkişaf etdirmək üçün kifayət qədər resurslar var. Həmçinin Bakda külək enerjisindən istifadə edilməsi üçün də lazımi qurğular quraşdırılıb. Bu istiqamətdə atılan bütün addımlar bəşəriyyət üçün çox vacibdir. Çünki dünyada hərbi problemlərdən sonra ən böyük məsələ məhz iqlim problemləri ilə əlaqədardır. Azərbaycanda isə istehsal olunan yaşıl enerjini həm özümüz istifadə edəcək, həm də ixrac edəcəyik. Beləliklə də bu həm də bizim üçün xaricdən gələn valyuta mənbəyi olacaq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə