Dövlət başçısı: "Qarabağ yalnız daxili imkanlar hesabına bərpa edilir, heç bir donor təşkilatın köməyi yoxdur"
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib. Müsahibə zamanı president bir çox vacib məsələr ətrafında geniş danışıb. Onun şərh etdiyi vacib mövzulardan biri də Böyük Qayıdış Proqramı haqqında oldu. Bir müddət əvvəl, çıxışlarının birində "Qarabağ və Şərqi Zəngəzur cənnətə çevrilir", - deyən prezident orada sürətli bərpa və yenidənqurma işləri haqqında danışıb. Həmçinin, dövlət başçısı yerli sahibkarların, xarici investorların görülən işlərdəki payından bəhs edib, özəl sektorun Qarabağdakı işlərə qatılmasının onlar üçün böyük fürsət olduğunu deyib.
Prezident İlham Əliyev: "Bu günə qədər görülən işlər göz qabağındadır. Bu haqda çox danışmaq istəməzdim. Sadəcə olaraq, bütün böyük infrastruktur layihələri ilə yanaşı, hesab edirəm ki, əsas nailiyyətimiz odur ki, beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdıb. Laçın, Füzuli şəhərləri, Ağalı, Talış və Zabux kəndləri artıq dirçəlir. Bu il həmin o yaşayış məntəqələrinə keçmiş köçkünlərin qaytarılması davam edəcək. Bu ilin İnvestisiya Proqramı yaxın günlərdə mənim tərəfimdən təsdiq olunacaq, bir neçə dəfə artıq müzakirədən keçib. Həm Qarabağa, Şərqi Zəngəzura, həm də ölkəmizin digər yerlərinə aid İnvestisiya Proqramı bərpa üçün əsas alətimizdir".
Dövlət başçısının sözlərinə görə, bu il Qarabağda, Şərqi Zəngəzurda infrastruktur layihələrinin hamısı davam etdiriləcək. Görüləcək işlər nəhəng layihələrdir. Məlum olduğu kimi, su anbarları, yollar, körpülər, dəmir yolları, məktəblər, xəstəxanaların inşası artıq başlayıb, bəziləri artıq istifadəyə verilib: "İçməli su xətləri, elektrik enerjisi ilə bağlı layihələr, suvarma ilə bağlı qeyd etdiyim su anbarları, məsələn Sərsəng Su Anbarı - bu gün anbarda ancaq 50 faiz su var. Çünki işğal dövründə ermənilər ancaq onu istismar ediblər. Yəni, oraya bir qəpik də vəsait qoyulmamışdı. Xaçınçay Su Anbarı tamamilə məhv edilmişdi, indi bu yaxınlarda açıldı".
Qeyd edək ki, yaxın gələcəkdə Füzulidəki Köndələnçay Su Anbarının açılışı olacaq. Suqovuşan yenidən quruldu, hazırda kanallar çəkilir. Ondan sonra Zabuxçay Su Anbarının inşası bu il tamamlanacaq, o da böyük ərazini suvarma suyu ilə təmin edəcək. Yəni, keçmiş köçkünlər qayıdanda artıq orada əkin-biçin üçün şərait qurulmuş olacaq. Qeyd edək ki, doğma torpağına qayıdan keçmiş köçkünlərin məşğulluğu ilə bağlı əlaqədar qurumlarımız ciddi məşğuldur. Keçmiş köçkünlər öz yurdlarına gedənə qədər onlar üçün treninqlər keçirilir, həmçinin yerlərdə yeni istehsalat sahələri, sənaye müəssisələri yaradılır və yaradılacaq. Ağdamda və Cəbrayılda iki böyük sənaye zonası artıq fəaliyyətə başlayıb və bu il o zonaların fəaliyyəti böyük dərəcədə genişlənəcək.
Prezident bildirir ki, bütün bu infrastruktur layihələri imkan verir ki, biz bu il daha böyük sayda keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytaraq: "Onların bu il qaytarılacaqları şəhərlər arasında beş şəhər - Şuşa şəhəri, Cəbrayıl şəhəri, Kəlbəcər şəhəri, Xankəndi şəhəri, Xocalı şəhəri olacaq. Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə isə keçmiş məcburi köçkünlərin 2025-ci ildə qayıtması nəzərdə tutulur. Bununla paralel olaraq bir çox kəndlərdə, - hansılarda ki, mən təməl qoymuşam, - orada inşaat davam edəcək, bir neçə kəndə keçmiş köçkünlər qayıdacaqlar. Məsələn, Laçın rayonunun Sus kəndi hazır olacaq. Ondan sonra Xocalı rayonunun Kərkicahan, Malıbəyli, Turşsu kəndlərinin də bərpasına artıq start veririk. Kəndlər tamamilə dağılmış vəziyyətdədir. Mən Qarabağa son səfərim zamanı oraya baş çəkmişəm. Tamamilə dağılmış vəziyyətdədir, Malıbəyli məscidi də dağılmış və vandallar ondan da peyin anbarı kimi istifadə ediblər. Yəni, sadaladığım bu, ən azı şəhər və kəndlərə keçmiş köçkünlər qayıdacaq və 2026-cı ilin sonuna qədər o artıq bəyan edildi, hədəfimiz 140 min keçmiş köçkünü öz dədə-baba torpaqlarına qaytarmaqdır. Əminəm ki, biz buna da nail olacağıq".
Prezident bildirir ki, görülən bütün işlər dövlətimizin öz daxili imkanlar hesabına edirik. Heç bir donor təşkilatı, heç bir digər tərəf ölkəmizə kömək göstərmir. Ancaq Özbəkistan və Qazaxıstan Füzulidə iki məktəbin tikintisi ilə bağlı bizə qardaş dəstəyi göstərib, bütün qalan layihələr daxili imkanlar hesabına reallaşdırılır. Dövlət başçısı özəl sektora müraciət edərək onlara çağırış etdi və bildirdi ki, Qarabağa və Şərqi Zəngəzura daha fəal investisiya qoysunlar. Artıq Hadrut qəsəbəsində, Daşaltı kəndində və Ağdam şəhərində bir neçə layihə özəl sektor tərəfindən icra edilir.
"Dövlət öz üzərinə düşən vəzifəni icra edəcək, biz keçmiş məcburi köçkünləri qaytaracağıq. Amma eyni zamanda, mən hesab edirəm ki, Qarabağda və Şərqi Zəngəzurda ancaq o bölgədən çıxmış insanlar yaşamamalıdır. Azərbaycanın istənilən yerindən insanlar orada yaşamaq üçün imkanlara malik olmalıdır. Təbii ki, məsələn, Bakıdan, ya Sumqayıtdan oraya gedib yaşamaq istəyən getsin, ev alsın özünə, mənzil alsın, torpaq alsın, ev tiksin və orada yaşasın. Yəni, onun üçün dövlət, təbii ki, heç bir ev tikən deyil", - deyə İlham Əliyev bildirib.
Prezident bir vacib məsələyə də toxundu ki, bu da dövlətdən Qarabağda özünə ikinci ev istəyənlərlə bağlı idi: "Mən bizim bütün aidiyyəti qurumlarımıza bildirmişəm ki, biz orada yaşamaq istəyənlər üçün evlər tikirik, orada bir bağ evi əldə etmək istəyən üçün yox. Ora bağ evi deyil, ora yaşamaq yeridir. Kim orada yaşamaq istəyirsə, dövlət onun üçün pulsuz ev də tikir, hər şey də təşkil edir. Əgər kimsə orada, sadəcə olaraq, gözəl təbiəti və təmiz havanı nəzərə alaraq köçmək istəyirsə, özəl sektor onlar üçün orada, məsələn, Ağdam şəhərində indi özəl sektor bir yaşayış kompleksi inşa edir, çoxmərtəbəli ev, kim istəyir gedib ondan ev alar, orada da yaşayar. Daşaltıda da, Hadrutda da bu gün bu layihələr icra edilir".
Dövlət başçısı özəl sektorun bu imkandan istifadə etməsinin vacibliyindən də danışıb: "Özəl sektora da mənim tövsiyəm budur ki, bundan istifadə etsinlər. Çünki vaxt gələcək, dediyim o Qarabağı və Zəngəzuru cənnətə çevirəcəyik, bu, reallığa çevriləcəkdir. Mənim heç bir şübhəm yoxdur, çünki şəhərlərin bütün Baş planları təsdiqləndi. Şəhərlərin bütün Baş planları dünyanın, daha doğrusu, Avropanın ən qabaqcıl şirkətləri tərəfindən hazırlanıb, o cümlədən Şuşa şəhəri. Şuşa elə bir şəhərə çevriləcək ki, bunun dünyada bənzəri olmayacaq, memarlıq və təbiət bir vəhdət təşkil edəcək. Ona görə bizim özəl sektorumuz Bakıda, Sumqayıtda hər bir tində ev tikməkdənsə, getsinlər orada evlər tiksinlər və görərlər ki, o iqtisadi cəhətdən də səmərəli olar və eyni zamanda, biznesin sosial məsuliyyəti nöqteyi-nəzərindən də önəmli olar. Çünki bu gün biznes dairələri üçün Azərbaycanda çox gözəl şərait yaradılır və dövlət tərəfindən dəstək göstərilir".
Biznesin sosial məsuliyyətinin vacibliyini qeyd edən İlham Əliev dövlətin bütün işlərdə özəl sektora dəstək olmağa hazır olduğunu vurğulayıb: "Getsinlər, müəssisələr qursunlar, evlər tiksinlər, zavodlar, fabriklər inşa etsinlər, dövlət isə öz üzərinə düşən bütün işləri görəcək - infrastruktur, xəstəxanalar, məktəblər, su anbarları, qazlaşdırma, içməli su, elektrik enerjisi, evlər, yollar, körpülər. İndi ancaq Murovdağın altındakı tuneli nəzərə alsaq, bunun uzunluğu təxminən 12 kilometrdir. İndi təsəvvür edin, bir tunel 12 kilometrdir, amma belə tunellərin sayı, - düzdür, o ölçüdə yox, - onlarladır. Yəni, 2024-cü ildə bu işlərə çox güclü təkan veriləcək və bütün qarşıda duran vəzifələr təmin ediləcək".
Lalə Mehralı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB