Orta Dəhliz əməkdaşlığı - RAKURS

Yaxud, Mərkəzi Asiya dövlətlərinin Azərbaycana artan marağı

Bu gün Azərbaycan bütün dünyanın diqqət mərkəzindədir. Səbəblər birrəqəmli deyil. 44 günlük müharibədən sonra əldə edilən imkanların birgə realizə edilməsi təşəbbüsləri region və qeyri-region ölkələrin bizə olan münasibətində müsbətə doğru dəyişkənliklər açıq-aydın görünməkdədir. Bəzi ölkələr var ki, hələ də zor dilində danışmağa üstünlük verir, bu da alınmayanda gecikmiş etiraflarla dolu, həm də qeyri-müəyyən addımlar atır. “Nezavisimaya qazeta”da maraqlı məqalə dərc edilib. Oxucularımıza şimal qonşumuzun mətbuat çərçivəsindən görünənləri çatdıracağıq.

…Noyabrın 24-də Bakıda BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramında (SPECA) iştirak edən ölkələrin dövlət başçıları səviyyəsində sammit keçiriləcək. Platformanın mövcud olduğu 25 il ərzində yalnız bu il ölkələr arasında ticarət dövriyyəsi artıb, nəqliyyat dəhlizləri fəaliyyətə başlayıb, lakin gömrük prosedurlarının sadələşdirilməsi və SPECA Fondunun yaradılması imkanları artıq müzakirə olunur. Yeni logistika infrastrukturlarının aktivləşdirilməsi isə Rusiyanın iştirakını nəzərdə tutmur.

Bu, SPECA liderlərinin 1998-ci ilin martında təsis edildiyi vaxtdan bəri ilk görüşüdür. Sonra Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan, habelə BMT-nin Avropa İqtisadi Komissiyası və BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının icraçı katibləri tərəfindən Daşkənd Bəyannaməsi imzalanıb. Daha sonra proqrama Türkmənistan, Azərbaycan və Əfqanıstan da qoşulub. Azərbaycan Prezidenti İlham Əliyev Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət Görüşündə iştirak etdiyi zaman Mərkəzi Asiya dövlət başçılarını SPECA sammitində iştirak etməyə dəvət edib. Çətin ki, liderlərdən heç biri belə təklifdən imtina etsin, baxmayaraq ki, indiyədək yalnız Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Bakıya səfər edəcəyini bəyan etmişdi. Noyabrın 23-də isə Özbəkistan Prezidentinin Azərbaycana gələcəyi barədə xəbər verilib.

İlham Əliyev noyabrın 22-də Bakı Ekspo Mərkəzində SPECA ölkələrinin: “Dayanıqlı İnkişaf naminə Regional Əməkdaşlıq” sərgisini açıb. Burada platformada iştirak edən ölkələrin mal və məhsulları: Özbəkistandan olan avtomobillər və məişət texnikası, Türkmənistan xalçaları və Qırğızıstanın kumısı və xalq sənətkarlıq sənətləri təqdim olunur. Tacikistan iqtisadiyyatın rəqəmsallaşdırılmasına diqqət ayırıb.

“Cənubi Qafqaz” politologiya klubunun rəhbəri İlqar Vəlizadə hesab edir ki, prezidentlər SPECA çərçivəsində əməkdaşlığa yeni təkan verəcək, çünki əvvəllər nazirliklərin nümayəndələri və ekspert qrupları səviyyəsində görüşlər keçirilirdi: “Bu platformanın gələcəyi dövlət başçılarının sammitində hansı qərarların qəbul edilməsindən asılı olacaq”. Hər halda, ölkələrin bir-biri ilə daha fəal əməkdaşlığa başladığı faktdır.

Azərbaycan dənizə çıxışı olmayan SPECA ölkələrinə öz infrastrukturundan istifadə etmək imkanı verib. Bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov keçirilən “SPECA regionunun qlobal əhatəli əlaqə mərkəzinə çevrilməsi” adlı iqtisadi forumda deyib: “Açıq dənizə çıxışın olmaması müəyyən məhdudiyyətlər qoyur. Belə olan halda biz bu ölkələrin tam inteqrasiyası və infrastrukturundan tam istifadə üçün əməkdaşlığa hazırıq. Bu əməkdaşlıqda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələr mühüm rol oynayacaq”.

İqtisadiyyat Nazirliyinin rəhbəri Qazaxıstanın SPECA-ya üzv ölkələr arasında Azərbaycanın ən mühüm tərəfdaşlarından biri olduğunu vurğulayıb. Azərbaycan Qazaxıstandan bir sıra mallar, o cümlədən nəqliyyat vasitələri, neft-kimya məhsulları, taxıl və minerallar idxal edir. “Hər iki ölkə zəngin enerji resurslarına malikdir. Azərbaycan və Qazaxıstan arasında tərəfdaşlıq iqtisadiyyatımızın inkişafına töhfə verir. Sənaye sektorunda əlavə inkişafın təmin edilməsinə imkanlar yaradır”, - Cabbarov qeyd edib. Onun sözlərinə görə, Azərbaycanla digər SPECA ölkələri arasında ticarət dövriyyəsi artır: “Bu ilin 10 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 16% artaraq 1,2 milyard dollara çatıb. 2022-ci ildə ticarət dövriyyəsinin həcmi 1,3 milyard dollara çatmışdır ki, bu da 2021-ci illə müqayisədə 3,6% çoxdur”.

İqtisadiyyat naziri vurğulayıb ki, ticarət dövriyyəsinin artması gələcək əməkdaşlıq potensialının daha bir sübutudur: “Müvafiq ölkələrlə ticarət əlaqələrimizi dərinləşdirməyə davam etdikcə, biz həmçinin artan əlaqə və infrastrukturun inkişafına ehtiyac olduğunu dərk etməliyik. Bura gömrük prosedurlarının sadələşdirilməsi, ticarət maneələrinin azaldılması, minalardan təmizləmə və transsərhəd daşıma, həmçinin siyasi prosedurların unifikasiyası daxildir”.

Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının (UNECE) icraçı katibinin müavini Dmitri Maryasin müsbət irəliləyişləri qeyd edib: “SPECA ölkələrinin dünya iqtisadiyyatında payı üç dəfədən çox artıb. Platforma ölkələri arasında əlaqələr getdikcə artır. SPECA dövlətləri beynəlxalq səviyyədə qəbul edilmiş standartları milli prioritetlərinə və ehtiyaclarına cavab verən şəkildə tətbiq etməlidirlər".

Bu, artıq dördüncü platformadır ki, region dövlətləri Rusiyanın maraqlarını nəzərə almadan öz qonşuları ilə əməkdaşlıq edirlər. İlqar Vəlizadənin sözlərinə görə, Avrasiya İqtisadi İttifaqına (Aİİ) rəqib olacaq hansısa bir alyansın yaradılmasından hələlik danışmaq mümkün deyil: “Çünki, məsələn, SPECA-nın heç bir institusionallaşdırma və ya əlaqələndirici qurumları yoxdur. Amma digər təşkilatlarda, məsələn, İqtisadi Əməkdaşlıq Təşkilatında (ECO) bu var. Regionu birləşdirən digər struktur Türk Dövlətləri Təşkilatıdır (TDT). SPECA çərçivəsində söhbət bütün iştirakçılar arasında nəqliyyat əlaqəsi səviyyəsinin artırılmasından gedir. Çin, Əfqanıstan, Cənub-Şərqi Asiya ölkələrindən gələn marşrutlar Qazaxıstan, Xəzər dənizi və Azərbaycandan keçməklə Türkiyəyə, Yaxın Şərq ölkələrinə və Avropaya gedəcək. Məqsəd bütün marşrutları vahid nəqliyyat sxemində birləşdirməkdir. Məhz bu platforma onun həyata keçirilməsi üçün daha sərfəlidir”.

Avropa ölkələri Mərkəzi Asiyaya can atır, münasibətlər qurulur, müqavilələr imzalanır. Yüklərin daşınması məsələsinə gəlincə, Qərbin burada bir az problemləri ola bilər. Niyə ehtimalla danışırıq? Bu gün siyasətdən istəsək də qaça bilmərik. Ölkələr arasında münasibətlərin qurulmasında milli maraqların nəzərə alınması vacib elementlərdəndir. Nəzərə alsaq ki, Avropanın aparıcı ölkəsi olan Fransanın Cənubi Qafqazdakı ikibaşlı oyunu bütün qalan məsələlərə təsiqsiz ötüşmür və bu münasibət davam etdikcə iqtisadi müqavilələrin həyata keçirilməsində əngəllər yaranacaq, onda Brüssel, Vaşinqton və Paris bir az düşünsələr yaxşıdır...

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə