"Bəşəriyyəti sürətli qiymət artımı və ərzaq problemləri gözləyir" - POLİTOLOQ ŞƏRH ETDİ

Xəbər verdiyimiz kimi, bu gün - 17 iyul tarixində 2022-ci ildə Ukrayna limanlarından taxıl və ərzaq məhsullarının təhlükəsiz daşınması məqsədilə imzalanmış Qara Dəniz Taxıl Təşəbbüsünün vaxtı bitib və Rusiya sazişin müddətini uzatmaqdan imtina edib. Belə böyük bir qərarın dünya iqtisadiyyatı və qiymət artımına mənfi təsir edəcəyi mövsuzu isə şübhəsizdir.

Politoloq Anar Əliyev bu barədə SİA-ya açıqlamasında bunları deyib: "Bu gün Türkiyənin vasitəçiliyi və BMT-nin iştirakı ilə Rusiya-Ukrayna arasında əldə olunmuş taxıl sazişinin vaxtı bitib və çox təəssüf ki, mövcud şərtlər daxilində Rusiya təhlükəsiz taxıl dəhlizi şərtlərinə əməl etməklə bağlı öhdəliklərini bundan sonra uzatmaq fikrində olmadığını bəyan edib. Əsaslandırmada isə Rusiya ilə bağlı proseslərə təsir edən amillər aradan qalxmayınca sazişin uzadılmayacağını, bu amillər aradan qalxan kimi sazişin yenidən öz qüvvəsinə qayıdacağı bəyan edilib. Ötən ilin avqust ayından başlayan və təxminən 33 milyon tona yaxın taxılın, dənli bitkilərin dünya bazarlarına çıxarılmasını təmin edən, bununla da dünyada beynəlxalq ictimaiyyətin ayrı-ayrı dövlətlərin üzləşə biləcəyi ərzaq probleminə ciddi təsir edə biləcək saziş fəaliyyətini dayandırıb. Təəssüf ki, bu müddət ərzində 33 milyon tona yaxın daşınan taxıl və dənli bitkilərin çox böyük qismi – təxminən 40%-i taxıl və dənli bitkilərlə bağlı ciddi problemlə üzləşməyən Avropa bazarlarına, ciddi ərzaq problemi yaşayan Afrika qitəsinə isə cəmi 12%-i daşınıb. Əslində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın birbaşa təşəbbüsü və vasitəçililiyi ilə əldə olunmuş bu razılaşmanın başlıca mahiyyəti dünya bazarında ərzaq qiymətlərinin və taxıl məhsullarının qiymətlərinin artımının qarşısını almaq, eyni zamanda bir sıra bölgələrdə, xüsusilə Afrika kimi inkişafdan geri qalmış yerlərdə insanların qida təhlükəsizliyi, ərzaq problemləri ilə üzləşməməsi üçün belə razılaşma əldə olunub. Lakin razılaşmanın mühüm şərtlərinə elə ilkin dövrdən Avropa dövlətləri – güclü dövlətlər pozmağa çalışırdılar və çox təəssüf ki, daşınan yüklərin 3-də 2-indən daha çoxu, təxminən 70%-i yalnız Avropa və Asiyanın inkişaf etmiş ölkələrinə daşındı. Bunu əsas gətirərək Rusiya müxtəlif vaxtlarda təhlükəsiz Qara dəniz dəhlizinin yaradılmasıyla bağlı taxıl sazişinin müddətinin uzadılmaması və ya qüvvədən salınması ilə bağlı fikirlər səsləndirirdi. Lakin Türkiyənin birbaşa təsiri, Rəcəb Tayyib Ərdoğanın Rusiya prezidenti ilə şəxsi razışalmalarının nəticəsi olaraq bu saziş 17 iyul tarixinə qədər qüvvədə qaldı.

Son dövrlər baş verən hadisələr, eyni zamanda bu gün səhər tezdən Krım körpüsünə Ukrayna xüsusi xidmət orqanları tərəfindən edilən hücum Rusiyanın daha da koordinal addım atması ilə nəticələndi. Düzdür, Rusiya tərəfi bu mövqenin bir neçə gün əvvəl də Rusiya prezidenti Vladimir Putin tərəfindən bəyan edildiyini və sazişin uzadılmayacağı haqda qərarın öncədən qəbul olunduğunu bildirsə də, hesab edirəm ki, bu gün səhər törədilən hadisə bu qərarın verilməsində yekun mövqeni xüsusilə möhkəmləndirmiş oldu. Hesab edirəm ki, saziş yenidən bərpa edilməzsə, təhlükəsiz dəhliz təmin edilməzsə bu dünya bazarında ərzaq problemlərinə, xüsusilə də taxıl və taxıl məhsullarından hazırlanan qidaların qiymətinə ciddi şəkildə təsir edəcək. Artıq Avropa birjalarında taxılın qiymətinin 2-3%-ə qədər artması ilə bağlı informasiyalar yayılmaqdadır. Bütün bunlar onu göstərir ki, bəşəriyyəti sürətli qiymət artımı və ərzaq problemləri gözləyir. Bunun qarşısını almaq üçün təbii ki, böyük güclər, Rusiya-Ukrayna münasibətlərinin gərginləşməsində və münaqişə mühitinin davam etməsində maraqlı olan güclər fəaliyyətə keçməlidir. Hesab edirəm ki, məhz ABŞ başda olmaqla kollektiv Qərbin uzun sürən münaqişənin bitməsi istiqamətində real praktik addımların atılması həm bölgələrə sülhün gəlməsində, həm də bütövlükdə bəşəriyyətin üzləşə biləcəyi ciddi qiymət artımları və ərzaq problemlərini önləmiş ola bilər.

Hesab edirəm ki, buna yalnız Rusiya-Ukrayna arasındakı münaqişə müstəvisində baxmaq olmaz. Bu, artıq qlobal ərzaq təhlükəsizliyi üçün çox ciddi təhdidlər formalaşdırır. Türkiyənin ciddi cəhdlərinə baxmayaraq, bir sıra kənar güclər, eləcə də Qərb dairələri Rusiya və Ukrayna arasındakı münasibətlərin tənzimlənməsi, münaqişənin bitməsi, bununla paralel şəkildə ərzaq təhlükəsizliyi ilə bağlı təhlükə və təhdidlərin aradan qalxması istiqamətindəki cəhdlərin gözdən salmağa, reallaşmasına imkan verməməyə çalışırlar. Bu istiqamətdə addımlar dayandırılmalıdır, Türkiyənin sərgilədiyi mövqeyə dəstək ifadə olunmalı, Rusiya-Ukrayna arasındakı münasibətlərin masa arxasında müzakirəsi istiqamətində çalışılmalı, buna nail olunmalıdır".

Müəllif: Aysel Naibli

Bütün xəbərlər Facebook səhifəmizdə