“Həftəlik, aylıq və endirimli kartlar olmalıdır” - İQTİSADÇI MÜNASİBƏT BİLDİRDİ

“Ümumilikdə, iqtisadi tərəfdən qiymətləndirildiyi zaman ictimai nəqliyyatla məşğul olan şirkətlər baxımından mövcud qiymətlər onları qane etmirdi. Yəni, xərclər baxımından bu qiymətlər onlar üçün qaneedici deyildi. Bu işin bir tərəfidir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Altay İsmayılov deyib.

Onun sözlərinə görə, məsələnin daha əhəmiyyətli bir hissəsi onun sosial-iqtisadi tərəfləridir: “Çünki adı üzərində bu ictimai bir xidmətdir. Qiymətlər də Tarif Şurası tərəfindən müəyyənləşdirilir ki, cəmiyyət bazar şərtlərinin ortaya qoyduğu qiymət səviyyəsindən əziyyət çəkməsin.

Digər ölkələrlə müqayisə məsələsinə gəlsək, burada qiymət müqayisəsi kifayət etmir. Əslində daha çox gəlir-qiymət nisbətinə baxmaq lazımdır. Yəni, nə qədər gəlir əldə edirlər və o gəlirin neçə hissəsini ictimai nəqliyyata sərf edirlər? Bunun üçün biz minimum və yaxud orta əmək haqqı göstəricisindən istifadə edə bilərik. Yəni, bu əməkhaqqı ilə vətəndaş neçə gedişdən istifadə edə bilir? Bu tərəfdən baxsaq, hal-hazırda Azərbaycanda minimun əməhaqqı ilə vətəndaş 862 gedişdən istifadə edə bilir.

Qonşu ölkə olaraq Türkiyə ilə müqayisə etsək, Ankarada da yaxın günlərdə qiymətlərdə artım olub. Hal-hazırda onlarda tam bilet və endirimli bilet tətbiqi var. Tam bilet haradasa 80 qəpik görünür. Endirimli bilet isə 30 neçəsə qəpik səviyyəsindədir.

Əsas məsələ ondan ibarətdir ki, istər Avropa ölkələrində, istərsə də Türkiyədə aylıq, həftəlik və endirimli biletlər satılır. Onların qiymətləri də çox müxtəlifdir.

Gəlin, gəlir səviyyəsi aşağı olan kateqoriyaya aid olan bir tələbəni götürək. Bir tələbə Ankarada 1 aylıq abunəlik kartı əldə edir və buna 140 türk lirəsi (Azərbaycan pulu ilə təxminən 12 manatdan bir az çox) ödəyir. Bundan 225 gediş qazanır. Amma Azərbaycanda həmin o qədər sayın hər birini 40 qəpikdən ödədiyi zaman buna 90 manat pul xərcləməlidir. Yəni, Türkiyədə bir tələbə 12 manata alıb istifadə etdiyi bir karta, azərbaycanlı tələbə 90 manat pul ödəməlidir. Bu onu göstərir ki, bizdəki məsələ ümumi yanaşıldığı təqdirdə 40 qəpik olub. Sistem elə olmalıdır ki, endirimli qiymətlər də olsun.

Biz getdikcə kart sisteminə keçdiyimiz zaman bunlar mümkün məsələlərdir. Həftəlik, aylıq və endirimli kartlar olmalıdır. Məsələn, həftədə 1 dəfə evini tərk edən bir insanla hər gün 2-3 nəqliyyat istifadə edən insan fərqlidir. Bu da o vətəndaşlar üçün, xüsusilə Bakı ətrafından gələn-gedən təbəqə çox da gəlirli təbəqə sayılmır və onlar üçün çətinlik yaradır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə