"Kənd təsərrüfatına dövlət dəstəyi son dərəcə vacibdir" - İQTİSADÇI ŞƏRH ETDİ

“Kənd təsərrüfatına dövlət dəstəyinin artırılması ilk növbədə ölkənin ərzaq təhlükəsizliyi ilə təmin olunmasına müsbət təsir göstərəcək. Digər ölkələrdən kənd təsərrüfatı məhsullarının idxalının səviyyəsini azaldacaq”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.

Onun sözlərinə görə, eyni zamanda, qeyri-neft sektoru olaraq prioritet istiqamət kimi kənd təsərrüfatının inkişaf etməsinə öz töhfəsini verəcəkdir: “Kənd təsərrüfatının inkişaf etməsi isə bilavasitə regionlarda məşğulluğun təmin olunmasında ciddi rol oynayacaq. Bütün hallarda qeyri-neft sektorunun inkişafı üçün Azərbaycanda əsas istiqamət məhz kənd təsərrüfatıdır. Buna görə də kənd təsərrüfatına dövlət dəstəyi son dərəcə vacibdir”.

İqtisadçı sözlərinə davam edərək bildirib ki, bu dəstəyin yeni mexanizmlərinin hazırlanması, daha da təkmilləşdirilməsi və tətbiq olunması nəticədə ölkədə Ümumi Daxili Məhsul daxilində kənd təsərrüfatının payının artırılmasına xidmət etmiş olacaq: “O cümlədən, ölkənin kənd təsərrüfatı məhsulları ilə təminat səviyyəsinin artırılmasına gətirib çıxaracaq. Bu da digər makroiqtisadi göstəricilərə müsbət təsir göstərəcək”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə