Hər bir insanın həyatında dünyaya göz açdığı, böyüyüb boya-başa çatdığı ailə mühiti mühüm rol oynayır. Musiqi sənətində əlçatmaz zirvələr fəth etmiş respublikanın xalq artisti, görkəmli muğam ifaçısı, professor Canəli Əkbərovun ilk sənət yolu da ailəsindən başlanıb.
Babası Kərbəlayi Ağaməhəmməd gözəl səsə malik olub. Canəli müəllim həmişə fəxrlə deyirdi ki, babanın səsi atama, atamın səsi mənə və qardaşlarımakeçib. İlk sənət dərsini atasından-dövrünün adlı-sanlı xanəndəsi olmuş Xanəli kişidən alıb. O, təkcə cənub bölgəsində deyil, paytaxt Bakıda da məşhur xanəndə, muğam ifaçısı kimitanınıb. Dəfələrlə Bakıda onaiş təkilf olunsa daLənkəranı tərk etməyib. Səkkiz oğul və yeddi qız övladını xanəndəlik sənəti hesabına zəhmətlə böyüdərək ərsəyə çatdırıb.
Canəli ailənin böyük oğlan övladıdır. Gözünü açanda evdə tar, qaval görüb. Atası Xanəli kişi heç vaxt zurna, balabanın müşayiətilə oxumayıb. Canəliyə klassik musiqiyə, xalq mahnılarına, muğamlara məhəbbət də atasından keçib.
Lənkəran rayonunun doğma Tükəvilə kənd məktəbində oxuyarkən qramofon vallarında Xan və Seyid Şuşinskini, Mütəllim Mütəllimovu və digər məşhur muğam ustalarını dönə-dönə dinləyib. 16 yaşında orta məktəbi bitirib Lənkəran Tibb Texnikumuna daxil olub.
Lakin musiqiyə, muğamlarımıza sevgi, bağlılıqonu rahat buraxmayıb. 23 yaşında tükənməz arzuların qanadında Bakıya gəlib. Burada tale üzünə gülüb. Asəf Zeynallı adına musiqi məktəbinə qəbul olunub. Xanəndəlik sənətinin Dədə Qorqudu sayılan Xan Şuşunskinin sinfində oxuyub. Xan əmidən, Seyid Şuşinskidən, Mütəllim Mütəllimovdan, Zülfi Adıgözəlovdan sənətin incəliklərini öyrənib.
Dövrününün korifey sənətkarlarından Əhməd Bakıxanov və Hacı Məmmədovun xeyir-duası ilə Azərbaycan Dövlət Akademik Filarmoniyasında solist vəzifəsində işə qəbul olunub. İlk dəfə 1963-cü il avqust ayının 9-da bu böyük mədəniyyət ocağının səhnəcində sənət imtahanı verib. “Rast” muğamını və “Qarabağ şikəstəsi”ni ifa edib. Gənc xanəndələr arasında keçirilən bu müsabiqədə parlaq səsi, orijinal ifası ilə seçilib. Hacı Məmmədov ifasını bəyənib və onu “Gənc möcüzə” adlandırıb.
İstedadlı xanəndə o illərdə Yaqub Məmmədov, Əbülfət Əliyev, Rübabə Muradova, Sara Qədimova, Şövkət Ələkbərova kimi korifey sənətkarlarla respublikamızın rayonlarına gedib zəhmət adamları qarşısında çıxış edib.İfaları ilə xalq tərəfindən sevilib.
1975-ci ilin sonunda o zaman mədəniyyət naziri işləyən Zakir Bağırovun təşəbbüsü ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına işə qəbul olunub. Necə deyərlər, səhnədən-səhnəyə yerini dəyişib. Mehdi Məmmədovun sədrliyi ilə Azər Rzayev, Rauf Abdullayev, Qəmər Almaszadə, Kazım Əliverdibəyov kimi nəhəng sənətkarların iştirak etdiyi müsabiqədən uğurla keçib. Burada ilk dəfə “Leyli və Məcnun” operasında İbn Salam rolunu oynayıb.O vaxt teatrda işləyə-işləyəAzərbaycan Dövlət İncəsənət İnstitutunu da bitirib.
Canəli Əkbərov oynadığı ciddi, məsuliyyətli rollarla tamaşaçı rəğbətini qazanıb.Məcnunuyüksək peşəkarlıqla ifa etdiyinə görə səhnəmizin Məcnunu kimi şöhrət tapıb. Leyli rolunda Rübabə Muradova, Zeynəb Xanlarova, Nəzakət Məmmədova, Səkinə İsmayılova, Qəndab Quliyeva, Yaqut Abdullayeva ona tərəf müqabil olub. Leylilərin hər birinin özünəməxsus xarakteri, peşəkarlığı, səhnə mədəniyyəti vardı. Canəli Əkbərov mübariz ruhu, səsinin dinamikliyi, parlaqlığı ilə Məcnun obrazını çox gözəl yaradırdı. Sonralar Mənsum İbrahimovu Məcnun, Gülyaz Məmmədovanı Leyli roluna hazırladı.
Akademik Opera və Balet Teatrının səhnəsində 30 il ərzində Şah İsmayıl, Aşıq Qərib, Kərəm kimi obrazlara yeni nəfəs verdi. “Gəlin qayası”nda Camal, “Sevil”də Azançı, “Aldanmış ulduzlar”da Axund və digər çoxsaylı rolları yüksək peşəkarlıqla oynadı. Əksər tamaşalarda məşhur tarzən Bəhram Mansurovun müşayiəti ilə çıxır, onun ifasından xüsusi zövq alırdı.
1978-ci ildə Səmərqənddə keçirilən beynəlxalq muğam simpoziumunda Bəhram Mansurovla Azərbaycan muğamını yüksəklərə qaldırdı və müsabiqəninqalibi oldu. Almaniyada, Avstriyada və neçə-neçə xarici dövlətdə Azərbaycan musqisini, muğamlarımızı vətəndaş yanğısı, təəssübkeşliyi ilə təbliğ etdi.Falun şəhərində keçirilən beynəlxalq folklor festivalından qalib kimi Vətənə qayıtdı.
1989-cu ildə respublikanın əməkdar,1992-ci ildə xalq artisti fəxri adlarına layiq görüldü. Dəfələrlə respublikamızın böyük konsert salonlarında muğam dəsgahları, xalq mahnıları və təsnifləri, eləcə də bəstəkar mahnılarının mahir ifaçısı kimi solo konsertləri təşkil olundu. İfa etdiyi sənət inciləri Azərbaycan Televiziyasının fonoteka və filmotekasında qorunur.
Sənətin zirvəsinə yüksələn Canəli Əkbərov müəllimlərini, ustadlarını heç vaxt unutmurdu. Xan əmini muğamın bayraqdarı, Seyid Şuşinskini muğamın tədrisinin banisi və xanəndəlik sənətinin bayraqdarı hesab edirdi. Maestro Niyazi, bəstəkar Tofiq Quliyev, Hacı Xanməmmədov, Şəmsi Bədəlbəyli və Rauf Hacıyev kimi görkəmli sənətkarlarla sıx yaradıcılıq əlaqələri saxlayırdı. Bəhram Mansurovun, Hacı Məmmədovun tar ifaçılığı sahəsində möcüzə yaratdığını deyirdi.
Ömrü boyu Azərbaycan muğamının saflığını, zənginliyini, möhtəşəmliyini qoruyub. Öz ifasına daim məsuliyyətlə yanaşıb. İfa zamanı kənara çıxmayıb, ustadların iradlarındanhəmişə çəkinib. Yetirmələrinə də muğamlarımızı qorumağı, ənənələri yaşatmağı tövsiyə edib.
2019-cu ilə qədər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Muğam sənəti kafedrasının müdiri işləyib. Sonralar həmin kaferdranın məsləhətçi professoru kimi yüksək ixtisaslı kadrların hazırlanmasında qüvvə və bacarığını əsirgəməyib.
Sənət yolunda qazandığı təcrübə və biliyini, muğam ifaçılığının bütün sirr və incəliklərini böyük həvəslə gənclərə öyrədib. Gülyaz və Gülyanaq Məmmədova, Babək Niftəliyev, Zabit Nəbizadə, Ehtiram Hüseynov, Sahib İbrahimov kimi çoxlu tanınmış sənətçilər yetişdirib. Onlardan bir neçəsi hazırda əməkdar, xalq artisti, prezident təqaüdçüsüdür.
Ustad sənətkar 80 illik ömründə çoxlu zirvələr fəth edib. Ona muğam aləminin şahı Canəli deyiblər. Görkəmli elm xadimlərindən akademik Bəkir Nəbiyev, Vasim Məmmədəliyev,Rafael Hüseynov və başqaları Canəli Əkbərovun yaratdığı muğam məktəbini yüksək dəyərləndiriblər.
Unudulmaz sənətkara ən böyük qiyməti xalqımızın ümummilli lideri Heydər Əliyev verib. 2000-ci iidə milli musiqi sənətinin inkişafında xidmətlərinə görə onu “Şöhrət” ordeni ilə təltif edib. Ulu Öndərin Canəli Əkbərova 60 illik yubileyi münasibətilə ünvanladığı təbrik məktubunda deyilir: “Siz müasir musiqi sənətimizdə öz dəst-xəttilə seçilən, xanəndəlik məharəti və səhnə mədəniyyəti ilə musiqisevərlərin dərin hörmət və məhəbbətini qazanmış səntkarlardansınız. Klassik muğam ifaçılığının zəngin ənənələrini qoruyub saxlamaq, onlara yaradıcı münasibət bəsləmək, bütün imkanları muğamın bütöv şəkildə ifasına yönəltmək yaradıcılığınızın əsas xüsusiyyətlərindəndir. Yüksək diapazonlu ecazkar səsiniz, mətn ilə musiqinin sıx əlaqəsi zəminində güclü emosional çalar yaratmaq bacarığınız, ifa tərzinizə xas olan məziyyətlər muğam və xalq mahnılarımızın mahir ifaçısı kimi Sizə şöhrət gətirmişdir.
Fitri istedadınız və zəhmətsevərliyiniz sayəsində ən mürəkkəb muğamların texnikasını dərindən bilməyiniz milli operalarımızda uğurla çıxış etməyinizə imkan vermişdir. Uzun illərdən bəri solisti olduğunuz Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində yaratdığınız yaddaqalan obrazlar milli opera tarixinin parlaq səhifələridir. Opera səhnəsindəki fəaliyyətinizlə xanəndəlik sənətiniz arasındakı əlaqə yaradıcılığınızı daha da zənginləşdirərək ona çoxşaxəli xarakter vermişdir.”
2010-cu ildə ölkə Prezidenti İlham Əliyev Azərbaycan muğam sənətinin inkişafında və təbliğində xidmətlərinə görə Canəli Xanəli oğlu Əkbərovu “Şərəf” ordeni, 2020-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə onu 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva sənətkarı 80 illik yubileyi münasibətilə təbrik edərəkfəaliyyətini yüksək dəyərləndirib: “Siz klassik muğam ifaçılığının zənginənənələrini qoruyub yaşadan, gözəl ifası ilə xalq mahnılarımıza, uzun illər çalışdığınız Akademik Opera və Balet Teatrında böyük ustalıqla yaratdığınız obrazlara yeni həyat verən sənətkar kimi xalqımızın dərin hörmətini qazanmısınız.
Gözəl səsiniz və özünəməxsus ifa üslubunuz, yüksək xanəndəlik məharəti və səhnə mədəniyyətiniz, musiqi sənətimizin incəliklərini dərindən bilməyiniz, milli musiqimizin təbliğinə və tədrisinə həsr etdiyiniz həyatınız sənətə sədaqət və fədakarlıq nümunəsi olaraq gənc ifaçılar nəsli üçün əsl məktəbdir.”
Artıq bir ildir ki, sənətilə möcüzələr yaradan korifey sənətkar aramızda yoxdur. Ömrünün son günlərində deyib ki, məni son mənzilə “Segah”, “Mənsuriyyə” və “Çoban bayatası” ilə yola salın.Qoy ruhum o səslərin fövqündə əbədiyyətə qovuşsun.
Qardaşı Xəzər rayon məhkəməsinin hakimi Tərlan Əkbərov dövlətimiz tərəfindən Canəli Əkbərovun məhsuldar, bənzərsiz yaradıcılığının yüksək qiymətləndirildiyini minnətdarlıqla qeyd edir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın yüksək qayğısı sayəsində Türkiyədə Canəli Əkbərovun ifalarından ibarət nəfis şəkildə albom buraxıldığını, yaradıcılığı və sənət yolu haqqında “Canəli Əkbərov”, “Sevda yolu”, “İki xan arasında bir can” adlı sənədli televiziya filmlərinin çəkildiyini, dahi sənətkarın parlaq xatirəsinin, zəngin irsinin yaddaşlarda qalacağını bildirir.
Bəli, ömür bitsə də unudulmaz sənətkar Canəli Əkbərov şövqlə ifa etdiyi muğamlarda, mahnılarda, yaratdığı çoxsaylı obrazlarda yaşayır. Sənəti ilə insanları saf, təmiz eşqə, paklığa, halallığa, humanizmə, xeyirxahlığa səsləyən sənətkar əbədiyaşardır.
Əlisəfa Həsənov,
“Respublika”
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB