Akif Şahbazov: “Mən qətiyyətlə deyirəm ki, təhsil millətimizin gələcəyidir. Təhsilsiz uğur yoxdur”

Sumqayıt şəhərindəki, 2-ci mikrorayonda otuz yaşlı bir məktəbli mağazası var. Bu mağazaya Məktəbli ailəsi deyilir. Çünki burada çalışan böyük kollektivin işçiləri bir-birilə elə mehribandırlar ki, sözün həqiqi mənasında elə bil bir ailənin üzvləridir. Hər biri də bir-birini yarım sözdən başa düşürlər. Bir az diqqəti, müşahidə qabiliyyəti yüksək olan alıcı ora gələndə elə həmin dəqiqə bunu başa düşür. Bu satıcı qızların alıcılarla necə yüksək rəftarı, mehribançılığı, hər bir alıcıya böyük qayğısını da tez bir zamanda başa düşmək olur. Deməli, bu mağaza mehriban, müqəddəs bir ailəni xatırladır.

Beləliklə, bura bütün məktəblilərin, müəllimlərin, oxucuların bir ümid yeri kimi baxdığı Məktəbli ailəsi mağazasıdır. İnsanlar bir də bura ümid yeri kimi ona görə baxır ki, onların hamısı bilir təkcə Sumqayıtda yox, hətta Bakıda belə tapa bilməyəcəyi kitabları, dəftərləri, qələmləri, bir sözlə məktəblə, təhsillə, dəftərxana ilə bağlı lazım olan hər bir ləvazimatı burada çox ucuz qiymətə tapacaqlar. Məhz ona görə də bura alıcı axını həmişə çox yüksək olur. Bu mağazanın ideya müəllifi, yaradıcı çox dəyərli ziyalı, məşhur Sumqayıt Dostlar Klubunun idarə heyyətinin üzvü Akif Şahbazovdur. Hər dəfə onunla təmasda olanda Akif müəllimin orijinal düşüncə tərzi, həyata, dövlətçiliyə, müasir sahibkarlığa, işsizlik problemlərinin həll olunmasına aid maraqlı fikirləri mənim xoşuma gəlir. Mənə elə gəlir ki, belə yüksək təfəkkürə malik insanların kiçik sahibkarlıqla məşğul olmasından daha önəmlisi, onların dövlətin əsas, aparıcı vəzifələrində məşğul olması ölkəmizə daha böyük xeyir verə bilər. Amma o, söhbət əsnasında dedi ki, “mən öz xoşbəxtliyimi bu kiçik sahibkarlıqda tapmışam. Özü də məktəbli ticarətində”.

Bizim onunla yeni görüşümüz Məktəbli ailəsi mağazasının otuz illiyik yubileyində oldu. Həmin gün Sumqayıt Dostlar Klubunun idarə heyyətinin üzvüləri mağazaya getdik və bir çay süfrəsi arxasında əyləşib, dostumuzun sevincinə şərik olduq. Bu mağaza Avropa standartlarına uyğun qurulub. Hər şöbə yüksək səviyyədə təchiz olunub. Təkcə Azərbaycan dilində yox, dünyanın bir neçə aparıcı dillərində bədii kitablar bu mağazada həddindən artıq çoxdur. Məktəblə, təhsillə bağlı bütün ləvazimatlar bu mağazada çox ucuz qiymətə satılır.
Biz Sumqayıt Dostlar Klubu idarə heyyətinin üzvləri orada məktəbə, təhsilə aid çox maraqlı fikir mübadiləsi apardıq. Ona görə də belə qərara gəldim ki, Sumqayıtda ilk Məktəbli ailəsi mağazasının otuz il bundan qabaq əsasını qoyan Akif Səfər oğlu Şahbazovla çoxminli oxucularımızı da yaxından tanış edim və onun bu orijinal fikirlərini oxucularla bölüşüm. Yuxarıda yazdığım ki, bu gün müasir, müstəqil Azərbaycan dövlətinin daha yaxşı inkişaf etməsi üçün orijinal düşüncəli, yüksək təfəkkürlü insanlara çox böyük ehtiyacı var. Belə insanları təbliğ etmək də biz mediya nümayəndələrinin müqəddəs borcu olmalıdır.

Qısa arayış: Akif Səfər oğlu Şahbazov 1969-cu ilin may ayının 5-də Qərbi Azərbaycanın Dərələyəz mahalının Qabaqlı kəndində kəndçi ailəsində anadan olub. 1976-cı ildə həmin kəndin birinci sinifinə daxil olub və 1986-cı ildə orta məktəbi əla qiymətlərlə bitirsə də, Ermənistanda keçirilən olimpiadaların qalibi olsa da, mənfur, nankor qonşularımız olan ermənilərin türklərə olan nifrətinə görə ona qızıl medal verməyiblər. Akif Şahbasov 1987-ci ildə ordu sıralarına çağrılıb və Moskva vilayətinin Serpuxova şəhərində hərbi xidmətdə olub. Elə həmin ildən də ermənilərin azərbaycanlılara qarşı törətdiyi ixtişaşlar başlayıb. 1988-ci ildən Akif Şahbazovun valideyinləri də Qərbi Azərbaycanda yaşayan həmvətənlilərimiz kimi Ermənistandan deportasiya olunublar və Sumqayıt şəhərində məskunlaşıblar. Akif də hərbi xidmətini bitirəndən sonra Sumqayıt şəhərinə gəlib. Ailə vəziyyətlərinin ağır olmasına görə Akif Şahbazov ilk əmək fəaliyyətinə Sumqayıt Boru Yayma zavodunda çilingər kimi işə başlayıb. Ailə vəziyyəti ağır olduğundan, Akif Şahbazov belə qərara gəlib ki, ali təhsilini yalnız axşam şöbəsində alsın. Məhz buna görə də 1990-cı ildə Sankt-Peterburq şəhərinin Voznesenski adına İqtisadiyyat Universitetinin Bakıda yerləşən filialının sənayenin iqtisadiyyatı fakültəsinin axşam şöbəsinə qəbul olub. O, oxuduğu 10-48, 10-50 qruplarının dərs əlaçısı, tələbə yoldaşları tərəfindən həmişə sevilən və müəllimlərinin hörmət bəslədiyi bir tələbə olub. Ailələri çətin dolandığına görə Akif Şahbazov səhər işə gedib, axşam təhsil alıb və gecə yenə də növbəyə gedib ki, ailənin dolanışığına köməklik etsin. Hətta boş vaxtlarında qul bazarına gedib, orada da iki ustanın əlinin altında işləyib ki, heç olmasa 50-60 manat pul qazansın və böyük ailələri korluq, əziyyət çəkməsinlər. 1996-cı ildə ali təhsilli mütəxəsis kimi İqtisadiyyat Universitetini bitirib. Təhsil aldığı bu altı ildə iş yerində də Akif Şahbazovun böyük inkişafı olub. Belə ki, az bir vaxtda Kimya Sənayesi zavoduna Boru Yayma zavodundan köçürmə yolu ilə gəlib. Burada olan Metal-Qab zavodunda ilk işi kadrların hazırlanması və qəbulu üzrə təlimatçı olub. Onun bacarığını, savadını görüb az bir vaxtda burada vəzifə pillələrində inkişaf edərək kadrlar şöbəsinin rəisi, material üzrə mühasib, baş mühasib olub.

Elə həmin vaxtı “Azərikimya” Dövlət Şirkəti yaranıb. Şirkətin nəzdində də Təmir-Tikinti idarələri fəaliyyətə başlayıb. O vaxtı da Akif Şahbazovu 9 nömrəli Təmir-Tikinti idarəsinin baş mühasibi təyin ediblər. Sonra onu 1 nömrəli Təmir-Tikinti idarəsinin baş mühasibi vəzifəsinə keçirbilər. Bu artıq həmin dövr idi ki, Mixail Qorbaçovun yenidənqurma adlı bic siyasəti nəticəsində SRRİ kimi nəhəng dövlət dağılmağa doğru gedirdi. Həmin dövrdə də artıq iş yerlərinin bağlanması, müəsisələrin çökməsi, parçalanması başlanmışdı. Çox yaxşı intusiyaya, uzaqgörən siyasətə malik Akif Şahbazov da artıq başa düşür ki, Sovetlər ölkəsinin sonu yaxınlaşır. Əgər burada qalıb işləsə gələcək üçün heç bir perspektivi olmayacaq. Ona görə də çevik hərəkətlə 1991-ci ildən sahibkarlıq fəaliyyətinə başlayıb. Belə ki, həmin vaxtı Sumqayıt Mərkəzi Univermağında yerlər götürüb, həmin yerlərdə satıcılar qoyub, ticarətə başlamaqla özünü sahibkarlıqda sınayıb. Əsas işi də o olub ki, məktəblilər və dəftərxana üçün lazım olan ləvazimatlar satdırmağa başlayıb. Həmin vaxtı da belə mallar Azərbaycanda qıt idi və çətin tapılırdı. Az bir vaxtda bu sahədə işləri uğurlu gətirdiyinə görə və məktəbli malları, ofis məmulatları olan xüsusi mağaza olmadığından o, bu boşluğu doldurmaq məqsədi ilə və geniş çeşidli etmək üçün Sumqayıt Mərkəzi Univermağın yaxınlığında olan “Sputnik” adlı sənaye malları univermağında ayrıca icarəyə yer götürüb. Beləliklə, 1992- ci ildə Bakı və Sumqayıtda ilk dəfə ayrıca məktəbli malları, dəftərxana ləvazimatları olan xüsusi mağazanı Hacı Akif Şahbazov yaradıb. Bununla da imkanları bir az da genişlənib. Az bir vaxtda artıq Sumqayıtdakı Sülh küçəsində, mərkəzi bazara yaxın yerdə yer alıb və orada 60 kvadrat metr yerdə mağaza tikdirib. Həmin mağaza da məktəbli malları və dəftərxana ləvazimatlı mağazası olub. Sonra həmin mağazanın ikinci mikrorayonda filiallarını açıb. Artıq sahibkarlıqda lazım olan təcrübə əldə eləyən Hacı Akif Şahbazov belə qərara gəlib ki, bu malları özü istehsal etmək üçün bir müəssisə yaratsın. Bununla bağlı ayrıca yer götürüb və ora lazım olan aparatlar, dəzgahlar, maşınlar gətirməklə məktəbli malları və dəftərxana ləvazimatları olan məhsullar istehsal etməyə başlayıb və ayrıca mətbəə-poliqrafiya yaradıb. Bu müqəddəs işdən möhkəm yapışan Hacı Akif Şahbazov uzun illərdir ki, məktəb malları və dəftərxana ləmazimatları istehsal etmək sahəsində ən yaxşı mütəxəssis olub və yaratdığı böyük mətbəə, poliqrafiya respublikada tanınır. Burada həm də bədii, sənədli kitablar çap etdirməklə və bu kitabları da öz mağazalarında satdırmaqla, çoxlu müştəriləri, kitabsevərləri də ətrafına toplaya bilib Hacı Akif Şahbazov. Sumqayıtdakı bütün məktəblilər və yaşlı oxucular da məhz Akif Şahbazovun rəhbəri olduğu mağazalara gəlirlər. Çünki bu mağazalarda Sumqayıtdakı bütün mağazalardan həm məktəbli malları, həm dəftərxana ləvazimatları və həm də kitablar çox ucuz qiymətə satılır. Bu iş, məhz elmlə, ziyalılarla bağlı olduğuna görə Hacı Akif Şahbazov bu işi özünə müqəddəs iş və şərəf bilir. Onu da vurğulayım ki, bu gün Bakı şəhərində və bölgələrdə olan demək olar bütün məktəbli mağazaları Hacı Akif Şahbazovun həm maraqlı məsləhətləri və həm də dəyərli ziyalı kimi böyük dəstəyi ilə uğurlar əldə edirlər. Hacı Akif Şahbazovun məsləhətilə Bakıda açılan məktəbli mağazaları alıcı çoxluğuna görə daha tez inkişaf etsələr də, amma onların rəhbərləri bu gün də Akif müəllimin məsləhətlərindən yararlanırlar.

- Akif müəllim, necə oldu ki, siz Sumqayıt şəhərindəki 2-ci mikrorayonun zirzəmisində mağaza yaradası oldunuz?
- Çox maraqlı sualdır. Xarici ölklərə gedəndə görürdüm ki, birinci mərtəbələrdə demək olar ki, yaşayış yoxdur. Ona görə də fikirləşirdim ki, bizdə də bunlar gec-tez qeyri-yaşayış sahələri olacaq. Belə qərara gəldim ki, burada bir üç otaqlı mənzil alım. Sonra iki otaqlı bir mənzil də aldım. Sonradan bu binanın zirzəmisinə baxış keçirdim. Baxış keçirən zaman gördüm ki, yuxarı mərtəbələrin təmirindən yaranan bütün zibilləri zirzəmiyə töküblər. SSRİ dövründən olan bütün kanalizasiya sistemi də istismar müddətini başa çatdırmışdı. Ona görə də bütün kanalizasiya suları da zirzəmiyə axırdı. Mən bu zirzəmini çirkab sularından, siçovullardan, ağcaqanadlardan təmizləmək və bu boş zirzəmidə fəaliyyət göstərmək üçün belə bir qərara gəldim ki, buranın təmizlənməsi işinə başlayaq. İlk öncə fikirləşəndə əlbəttə, bura bizim sahəyə yarayan bir iş deyildi. Zirzəmidə də həmişə nəmişlik olur. Və orada kitabla bağlı iş, ağlagələn və işimizə yarayan bir iş deyildi. Çünki bizdə kitab işidi. Amma buna baxmayaraq mən bu riskə getdim. Zaman-zaman bu zirzəmini təmizlədik. Zirzəmiyə çirkab sularının buraxılması nəticəsində özül panellər artıq çürümüşdü. Onları bərpa etmək üçün, yerə armobeton bərkitmə işləri aparmaqla bu zirzəmini tam quru vəziyyətə gətirdik. Avropa satndartlarına uyğun gözəl sahəyə çevirdik. Orada havalanma işini yüksək səviyyədə qurduq. Burada artıq heç bir nəmişlik yoxdur. Kitablarımız, kağız məmulatlarımıza da heç bir maneə yoxdur.

- Bu gün işlə məşğul olanların hamısını sahibkar adlandırırlar. Amma əslində belə deyil. Bu adamların içərisində mülkədarlar da var. Sahibkarla, mülkadarın fərqi nədir?
- Sahibkar öz işinin sahibkarı deməkdir. Yüz nəfərdən Allah cəmi 3-4 nəfərə bu istedadı verir. Mülkadarlıqla sahibkarlığı qarışdırmaq olmaz. Sahibkar malına, canına, puluna, mülkünə risk eləyən insanlar qrupuna daxildir. Onun məqsədi odur ki, yeni iş yerləri yaratsın. Yaradıcılıqla məşğul olsun. Mülkədar isə bir yeri alır, icarəyə verir və oradan özü üçün pul qazanır. Bu artıq sahibkarlıq demək deyil. Sahibkar o adama deyirlər ki, təyyarəyə minib, öz həyatını riskə atır. Ailəsini burada qoyub gedir mal gətirməyə. Həmin mal da gəlib çatacaq, çatmayacaq hamısı sual altındadır. Deməli, sahibkarın həyatı, işləri, hər şeyi risk altındadır. Mülkədar isə hansı yollarlasa binalar, obyektlər alır və onları icarəyə verir. Oturur öz evində və həmin icarəyə verdiyi yerlərdən pul qazanır. İstədiyi kimi istirahət eləyir. Öz həyatını keyf içində yaşayır. Ona görə də artıq zamanıdır ki, biz sahibkarla, mülkədarı bir-birindən ayıraq. Mülkədara yox, sahibkara dəstək olmalıyıq. Sahibkar pulun sahibi deyil və pul haqqında da düşünmür. Sahibkar işinin sahibidi. Və istəyir iş qursun, işlər yaratsın. Bu, bir xəstəlikdi. Özü də xoş xassəli bir xəstəlik və həm də cəmiyyətin xeyrinə olan bir xəstəlikdi. Təsəvvür edin ki, sahibkar həmişə risklər altında olduğuna görə canı xəstədir. Evində demək olar ki, heç nəyi yoxdur. Əlinə də beş manat düşürsə bir iş qurur. Ya da gedib bankdan yüksək faizlə kredit götürüb işlər qurur. Özünü gərginlikdə, zorluqda məhz ona görə saxlayır ki, nə isə yaratsın. Bax, məhz bu insanlara şərait yaratmaq lazımdır. Yoxsa kimsə hansısa yollarla gedib mülkədar olur, o, sahibkar ola bilməz. Ona sahibkar demək olmaz. Əslində müləkədarlar sahibkarlığın qarşısını alırlar. Çünki mülklərini sahibkarlara baha qiymətə icarəyə verirlər. Sahibkar da həmin obyektə köklənir və istəyir işini qursun, amma həmin vaxtı mülkədar gəlib deyir ki, mən müqaviləni bu qiyməytə qaldırıram. Müqavilələrdə də indi şərtlər belədi. Müqavilə yüksək bağlanarsa bunun vergisi də yüksək olacaq. Həmin vergini də mülkədar yenə sahibkarın üstünə yükləyir. Bax, bütün bulara görə də məhz mülkədarlara yox, sahibkarlara şərait yaratmaq lazımdır ki, onlar öz işlərini lazım olan kimi görsünlər. İşsizliyin qarşısını rahat ala bilsinlər.

- Siz orta məktəbi əla qiymətlərlə bitiribsiniz. Ayrı-ayrı müəssisələrdə aparıcı vəzifələrdə işləyibsiniz və böyük uğur qazanıbsınız. Niyə siz məhz həmin sahələri yox, məktəbli işini seçdiniz?
-Bu, çox maraqlı sualdır. Mən başa düşdüm ki, ruhum elə buradadır və mən bu işi başqalarından daha çox sevirəm. Burada uşaqlarımıza, gələcək nəslimizə daha böyük xeyir verə bilərəm. Bilirsiniz ki, dünyanın 70 faizi sudur. İnsan orqanizminin də 70 faizi mayedir. İnsanın iş həyatı da 70 faizdən ibarətdir. Ona görə də mən məktəbli mağazalarını yaratmaqla öz iş həyatımı tapdım. İndi yalnız bu işlə məşğul oluram. Bax, mağazada gördüyünüz bu kitabların hər biri mənimçün bir insandır. Dahi Nizami Gəncəvi də görün kitab haqqında necə gözəl kəlam deyib:
Dünyada nə qədər kitab var belə,
Çalışıb, əlləşib gətirdim ələ.
Oxudum, oxudum sonra da vardım,
Hər gizli xəzinədən bir dürr çıxartdım.

Mən də bu şöbələrə girəndə, buradakı kitabların hər birini bir insan kimi görürəm. Ona görə də insanları tanımaq, onları müşahidə etmək, dəyərləndirmək lazımdı. Bu kitabları oxuyan insanlar, orada yazılanları öz həyatında tətbiq edə bilərlər. Artıq yüksək səviyyəli bir mətbəə də qururuq. Çünki cənab prezidentimiz İlham Əliyevin sahibkarlığa dəstəyini gördüyümüzə görə yeni-yeni layihələr üzərində işləməyə başlamışıq. Bunu nəzərə alaraq, işsizliyin qarşısını almaq üçün biz istehsal sahəsini də düşünmüşük. Hal-hazırda biz, bu istehsal sahəsini də qururuq. Çox sağ olsun cənab Prezidentimizin sahibkarlığın inkişafına belə dəstək verməsi, bizi bu işləri görməyə ruhlandırıb. Sahibkarlığa kömək fondundan aldığımız maliyyə dəstəyi sayəsində bu işləri görürük. Bizə lazım olan kimi vəsait ayrıldığından, həmin istehsal sahələrinin işini Allahın köməyilə başa çatdırmağa hazırlaşırıq. Bununla da yeni iş yerlərimiz olacaq. Bizə olan bu köməkdən ruhlanıb, işimizi daha da qabağa aparacağıq.

- Hər hansı bir məktəblinin, oxucunun Bakıda, Sumqayıtda tapa bilmədiyi kitabları, ləvazimatları gəlib sizin mağazadan çox ucuz qiymətə tapırlar. Siz buna necə nail olubsunuz?
-Bəli, elədi. Çünki tərif üçün demirəm. Mən orta məktəbdə oxuyanda kitaba marağım çox böyük idi. Kitaba marağı olan məktəblinin də istədiyi və çətin tapılan kitabları gəlib bizim mağazadan almasına həm o özü sevinir, həm də biz sevinirik. Onların bu sevinci mənə xoş gəlir və yadıma özümün məktəb illərində axtardığım kitabı tapanda sevinməyim yadıma düşür. Bu sevinci də sözlə ifadə etmək çətindir. Bununla da həmin məktəbli bizim mağazanın daimi alıcısı olur. Dostlarını da bura gətirir. Eləcə də yaşlı oxucular da bir dəfə bizim mağazaya gəlməklə və burada olan qiymətlər onları tam qane etdiyinə görə, həmişə bizim mağazanın alıcısı olurlar. Onlar istədiyi kitabı biz, haradan olsa tapıb, onun istədiyi qiymətə gətiririk. Biz artıq otuza qədər məktəbli və məktəbə qədər uşaqlar üçün də kitablar çap edirik. Bu kitabları həm müəllimlər və həm də şagirdlər böyük həvəslə alırlar. Məhz buna görə də Sumqayıtdakı bütün məktəbli şagirdlər bizim müştərilərdir. Çünki bu kitablar bizim mağazada başqa mağazalara nisbətən çox ucuz qiymətədir. Mən qətiyyətlə deyirəm ki, təhsil millətimizin gələcəyidir. Təhsilsiz uğur yoxdur. Bu haqda ulu öndər Heydər Əliyevin belə bir maraqlı kəlamı var: “Təhsil millətin gələcəyidir”. Əgər biz dünya ölkələrində ermənilərə qalib gəlmək istəyirksə, mütləq təhsilli olmalıyıq. Təhsilimiz yoxdursa, biz düşmənlərimiz ermənilərə və başqalarına qalib gələ bilmərik. Çox şükür ki, Azərbaycan dövlətində təhsilə böyük önəm verilir. Dünyanın heç bir ölkəsində belə bir statistika yoxdur ki, bir sinifdə oxuyan 20 şagirdin hamısı ali məktəbə qəbul olunur. Bu, Azərbaycanda var, özü də Sumqayıt şəhərində. Sumqayıt məktəbliləri hər il olimpiadalarda birinci yerə çıxırlar. Bu da sevindirici haldır. Çünki biz sevinirik ki, həmin məktəblilər bizim mağazalardan da lazım olan kimi bəhrələnirlər. Onu da vurğulayım ki, ticarətin bu sahəsi gəlirli bir sahə deyil. Amma biz öz pulumuza kitabları, ləvazimatları böyük əziyyətlə alıb bura gətiririk. Çox vaxt satılmayanda isə hətta maya dəyərindən də ucuz satırıq. Buradan qazandığımız cüzi məbləğlə də qane oluruq. Buna da min şükür. Ən əsası isə burada işləyənlər öz evlərinə əmək haqqı aparıb, ailələrini lazım olan kimi dolandırırlar. Mən burada bir vacib məsələni də vurğulamaq istəyirəm. Bizim təhsil proqramımıza daxil olan ibtidai siniflərin “Ətraf mühit” və “Həyat bilgisi” kitablarına uşaqların imanlı böyüməsi üçün maraqlı mövzular daxil edilməlidir. İnanıram ki, bu da uşaqların imanlı fəaliyyətinə çox müsbət təsir edər. Onlarda dövlətə, dövlətçiliyə, Vətənə, valideyinə böyük maraq yaradar.

Sonra Sumqayıt Dostlar Klubu idarə heyyətinin üzvləri Hacı Akif Şahbazov və Məktəbli ailəsi mağazası haqqında öz ürək sözlərini dedilər. Mən də onların dedikləri fikirləri qısa formada burada yazıram.
Azər Salehin dediklərindən:
-Atalarımızın belə bir məsəli var: “Çörəyi ver çörəkçiyə, birini də üstəlik”. Amma mən bu mağazanı görəndən sonra, həmin atalar sözünü belə deyərdim: “Kitabı ver kitabçıya, birini də üsəlik”. Məşhur filosof Bredberi deyir ki, “ bir mədəniyyəti yox etməkçün kitabları yandırmaq gərək deyil. Oxumağın qarşısını alın, yetər”. Akif müəllim də kitab oxumağa marağı artırmaqla millətimizi dünya millətləri arasına çıxarır.
Arif Ərşadın dedikərindən:
-Mən görürəm ki, burada kitaba böyük sevgi var. Sevgi olan yerdə də xoşbəxtlik var. Bu mərtəbəyə də Akif müəllim və onun komandası çox böyük çətinliklə gəlib çatıblar. Mən Hacı Akif Şahbazovun bu uğurlarından bir qürur duyuram. Bura çox mədəni bir obyektdir.
Rəhman Orxanın dediklərindən:
-Bura yeraltı bir şəhərdir. Çox sevinirəm və qürur duyuram. Ona görə də oxuculara məsləhətim budur ki, az pulla böyük sərvət əldə etmək istəyirlərsə, kitab alsınlar. Az pulla, yəni ucuz qiymətə satılan kitablar da məhz burdadır.
Eyruz Məmmədovun dediklərindən:
-Mən on beş yaşımdan mətbəədə böyümüşəm. Çünki rəhmətlik atam Surxay kişi mətbəənin müdiri idi. Özüm də elə həmin vaxtdan redaksiyada işləyirdim. Akif müəllimin mətbəəsində də olmuşam. Sovetlərin vaxtrında heç kim belə böyük yükün altına girməzdi. Daha doğrusu istəməzdi. Akif müəllim bu işə canını qoyub. Onun ən üstün cəhəti də yenilikçi olmasındadır. Dünyada olan ən yeni poliqrafiya avadanlıqlarını da Sumqayıta məhz o, gətirib və öz mətbəəsində quraşdırır. Mən Azərbaycanın heç yerində bu çeşiddə mağaza görməmişəm. Akif müəllim Sumqayıt Mərkəzi Kitabxanalar Sisteminə də təmənnasız çoxlu kitablar bağışlayır. Bu da onun bir ziyalı kimi böyüklüyüdür.
Mayılxan Tağıyevin dediklərindən:
-Məşhur filosof Virciniya Vulf deyir ki, “kitablar ruhun aynasıdır”. Mən də bu kitab mağazasında olanda həmin ruhun aynasını gördüm. Müqəddəs Quranda da deyilir ki, “mən sizi torpaqdan yaratdım, nəfəs üfürüb, ruh verdim”. Məhəmməd Peyğəmbərə də puh haqqında sual veriblər. O, belə deyib: “ Bu haqda biz heç nə bilmirik, bu haqda bütün biliklər Allaha məxsusdur”. Ruhun məhsulu da sözdür. Sözlər də kitablarda cəmləşir. Onlar hekayə, şeir, qəzəl, poema, roman və sairə kimi düzənlənir. Ona görə də dünyanın ən böyük ehtiyacı kitaba və sözədir. Məhz ona görə də kitablar çox qiymətlidir. Amma onu satmaqla çox varlanmaq olmaz. Akif müəllim həqiqətən unikal bir müəssisə yaradıb. O, burada insanların yazdığı bilikləri, fikirləri insanlara çatdırır. Bununla da cəmiyyətin inkişafına böyük xidmət göstərir. Mən çox sevinirəm ki, Azərbaycanda ən böyük kitab mağazasının müdiri bizim dostumuzdur.
Rafiq Mehdiyevin dediklərindən:
-Mən heç yerdə tapmadığım ən azı iyirmi hədiyyəni gəlib məhz bu mağazadan almışam. Onu da vurğulamaq istəyirəm ki, hər bir adamın həyatında bir uğur hekayəsi var. Bu iş də Hacı Akif Şahbazovun uğur hekayəsidir. Əbu Turxan deyir ki, “ ordu torpaqları, kitab könülləri fəth edir”. Hacı Akif Şahbazov da belə unikal kitablarla insanların könüllərini fəth edir.
Hümbət Həsənoğlunun dediklərindən:
-Belə bir məsəl var: “Birinin qolunu kəsirlər, amma səsi çıxmır. Qolunu sarıyırlar və gedir. Bir nəfər maraqla onun ardında düşür və fikirləşir ki, bu necə adamdır, qolunu kəsdilər cınqırını da çıxartmadı. Həmin qolu kəsilən bazarın yanında bir qolu kəsiyi görür və onu qucaqlayıb, başlayır hönkür-hönkür ağlamağa. Deyir ki, mənim dərdimi yalnız sən bilərsən”. Ona görə də Hacı Akif Şahbazovun dərdinı mən, Sahib Fərzəliyev və Hacı Tahir Məlikov bilir. Çünki biz də sahibkar kimi Akif müəllimin keçdiyi çox dəhşətli yollardan keçmişik. Akif müəllimlə biz çox yerlərdə, xarici səfərlərdə birlikdə olmuşuq. O, həddindən artıq nikbin, zəhmətkeş və çalışqan insandır. Qarşısına bir məqsədi qoydusa, hökmən ona nail olacaq. Bax, bu mağazanı yaradanda da qarşısına qoyduğu məqsədə nail olub. O, həqiqətən qoçaq insandır. Həm də onun çox yüksək rəqəmsal yaddaşı var. O, bilir ki, bu mağazada nəyi haradan alıb və qiyməti neçəyədir. Akif müəllimdə çox yüksək ünsiyyət qabiliyyəti var. Sahibkarlıqda da ünsiyyət qabiliyyəti yüksək olan insanlar uğur qazana bilir. Həm də gərək insan sevimli işində işləməlidir və o iş insana pul da gətirməlidir. Mənim bir aforizmim var. Bu aforizm tam Akif müəllimə aiddir: “Zamanını idarə edə bilməyən zəmanədən şikayət edər”.
Hacı Tahir Məlikovun dediklərindən:
-Burada həqiqətən də ruhumuz çox sakit oldu. Burada böyük halalıq olduğuna görə Allah bütün bunları Akif qardaşıma bəxş eləyib. Məşhur rus yazıçısı, tənqidçisi, filosofu Gertsenin belə bir aforizmi var: “ Kitab bir nəslin, digər bir nəslə mənəvi vəsiyyətidir”. Akif qardaşım da bu müqəddəs işilə gələcək nəsillərimizin daha kamil, mükəmməl böyüməsi üçün böyük işlər görür.
Kamil İbadovun dediklərindən:
-Bu qədər unikal işləri görmək üçün insanda ilk öncə böyük zövq və yaradıcılıq qabiliyyəti olmalıdır. Akif müəllimdə də bu yaradıcılıq və zövq çox böyükdür. Bu, böyük nailiyyətdir. O, Azərbaycanda belə bir kitab mağazası yaradıbsa, bu həqiqətən böyük nailiyyətdir. Məşhur ərəb yazıçısı, filosofu Hacı Bəktaş Vəli deyib ki, “ oxunacaq ən böyük kitab insandır”. Deməli, dostumuz Hacı Akif Şahbazov elə özü ən böyük və müqəddəs kitabdır.
Əliyar Fərzəliyevin dediklərindən:
-Təbii ki, mən də Akif qardaşımın nailiyyətlərinə çox sevirirəm. Akif qardaşım çox zəhmətkeş insandır. Mən əvvəllər də burada olmuşam və işin həcmini də görmüşdüm. Hətta onunla Rusiyaya da təyyarədə bir yerdə getmişik. Akif müəllim kitab yarmarkasına gedirdi ki, görsün orada yarmarka necə keçir. O, ümumiyyətlə Dubayda, Çində və başqa yerlərdə kitab yarmarkalarında, sərgilərində olub və oradakı yemilikləri burada, öz mağazasında tətbiq edir. Mən onun mətbəəsində olmuşam və onun orada da necə yaradıcı insan olduğunu gördüm. O, özünün gözəl ünsiyyəti ilə insanların qəlbinə çox asanlıqla yol tapa bilir.
Ağalar İdrisoğlunun dediklərindən:
-Məşhur filosof Həbbsin belə bir kəlamı var: “Müdriklik kitab oxumaqla deyil, insanı oxumaqla əldə edilir”. Mən Hacı Akif Şahbazovla bağlı bir neçə yazı işləmişəm və qəzetlərdə, saytlarda, jurnallarda çap olunub. Hər biri də yüz minlərlə oxucular tərəfindən maraqla qarşılanıb. O, insanları oxumaqla onları çox asanlıqla ələ ala bilir və buna görə də işləri yaxşı gedir.

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi

P.S. Sonra mən yenidən Hacı Akif Şahbazova müraciət elədim və o, çox maraqlı bir fikir dedi: “Ticarətdə az alver eləmək, az mal alıb gətirmək lazımdır ki, sən onları tez sata biləsən və gözün həmin malın dalınca qalmalıdır və fikirləşməlisən ki, gərək ondan çox alıb gətirib, sataydım. Bax, budur əsl ticarət. Ticarətin qızıl qanunu məhz budur. Mənim düşüncəmə görə əsl sahibkar pulu hesablamamalıdır. Əsl sahibkar pul haqqında düşünməməlidir. Sadəcə işinin genişləndirilməsi, perspektivi, əmək şəraitinin yaxşılaşdırılması, işçilərin funksiyası və ən əsası da yüksək mütəxəssis olan işçilərinin sayının artrılmasına çalışmalıdır. Sahibkar halal zəhmətlə qazanılan işi ilə, rəqabətdən qorxmayan insan olmalıdır. Sahibkarda paxıllıq hissi olmamalıdır. Ümumiyyətlə, paxıllıq insanı məhv edən ən naqis əməldir. Paxıl olan adam qabağa gedə bilməz. Sahibkarlığa başladığım gündən daxilimdə paxıllıq hissini öldürmüşəm. Sahibkarlıqda rəqabət mühiti olmalıdır. Əgər rəqabət yaranmırsa həmin sabibkar tənbəl və arxayın adama çevrilir. Ən əsası isə sahibkarın çox iti ağlı, öz işini genişləndirmək üçün böyük, uzaqgörən siyasəti olmalıdır. Bu gün Azərbaycanda məhz belə sahibkarlara ehtiyac böyükdür”.

Bütün xəbərlər Facebook səhifəmizdə